BAKI, 21 may — Sputnik. "Lukoyl" un prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusuf Forbes-un versiyasına görə, yenə də ən zəngin varis kimi tanınıb. O, 18 milyard dollara arxalana bilər.
Jurnal artıq beşinci dəfədir ki, bu reytinqi dərc edir və birinci sətirdə həmişə Yusuf Ələkbərovun adı olub. Nəşr bu reytinqi müəyyən etmək üçün milyarderin varidatını götürərək onu bütün rəsmi uşaqları arasında bölür. Bu dəfəki siyahıda 20 ailə təmsil olunur ki, orada da hər bir uşağın payına təqribən 2,25 milyard dollar düşür. Ümumilikdə bu ailələrdəki uşaqların ümumi sayı 51-dir.
İkinci yerdə "Novatek" şirkətinin təsisçisi Leonid Mixelsonun qızı və oğlu (hər birinə 10,1 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə Ural dağ-metallurgiya şirkətinin əsas səhmdarı İsgəndər Mahmudovun oğludur (9 milyard).
İştirakçılardan biri "LetterOne" və "Alfa-group"-un ortağı Mixail Fridmanın 2019-cu ildə dünyaya gəlmiş qızıdır. İndi onun beş uşağı var. Bununla əlaqədar olaraq, onun uşaqlarının reytinqdəki yeri xeyli aşağı düşüb. Belə ki, ötən il onun uşaqlarının hər biri nəzəri cəhətdən 3,8 milyard dollara (12-ci yerə) bel bağlaya bilərdi. Bu il isə onların hər birinin payına 2,8 milyard dollar (16-cı yer) düşür.
Reytinqdə ötən illə müqayisədə iki ailənin beş yeni üzvü meydana çıxıb. Onlar Dağıstandan olan senator Süleyman Kərimovun oğlu və iki qızı, həmçinin "Fosagro"nun əsas sahibi Andrey Quryevin oğlu və qızıdır.
Onlar bu il öz mövqelərini Alfa-Bankın rəhbəri Peter Avenin uşaqlarına güzəştə gediblər. Bu il onun uşaqlarının sayı daha bir nəfər artıb. Daha bir yeri isə "Boru metallurgiya şirkəti"nin və "Sinara" qrupunun əsas sahibi Dmitri Pumpyanskinin oğlu Aleksandr tutub.
Forbes-in qiymətləndirmələrinə görə, 16 aprel 2020-ci ildə Rusiyada 103 milyarder var idi və onların ümumi varidatı 439 milyard dollar təşkil edirdi. "Əgər bu məbləğ onların uşaqlarının ümumi sayına (281) bərabər bölünsə, onda onların hamısı orta hesabla 1,56 milyard dollarla milyarder olacaqlar", - Forbes yazıb.
2018-ci ilin mart ayında Ələkbərov jurnalistlərə bildirmişdi ki, şirkətin səhmlərinin bütöv şəkildə vərəsələrə ötürülməsini rəsmiləşdirib, onlar miras paketini bölə bilməyəcəklər. 2017-ci ilin payızında isə Vahid Ələkbərov Bloomberg agentliyinə verdiyi müsahibədə etiraf etmişdi ki, özünə varis axtarır və onun oğlu bu rola uyğun gəlmir. Çünki o, atasının gördüyü işi olduqca çətin hesab edir.