BAKI, 20 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı bloger Turqut Əliyev gözlənilmədən nəinki Azərbaycanda, eləcə də hazırda yaşadığı ABŞ-da populyarlaşıb. Səbəb isə həm Amerika, həm də Azərbaycan mətbuatında onun Havay adalarında karantin qaydalarını pozduğuna görə həbs olunması xəbərlərinin yayılmasıdır.
Sputnik Azərbaycan-a müsahibəsində T.Əliyev baş verən hadisə və ABŞ-a köçməyi haqda danışıb.
Turqut Əliyev 2017-ci ildə qrin-kart (ABŞ-da daimi yaşamağa icaz verən sənəd) qazanıb və Amerikaya köçməyə qərar verib. Birləşmiş Ştatlarda yaşamaq çoxdankı arzusu olduğundan o, hər şeyi sıfırdan başlamağı gözə alıb. O, artıq üç ildir ki, ABŞ-da yaşayır və bu qərarına görə heç də peşman deyil.
“Burada işə düzələ bildim, hazırda informasiya texnologiyaları sahəsində çalışıram. Hər şeydən razıyam – həm işimdən, həm həyatımdan. Blogerliyə isə hələ buraya köçməzdən əvvəl başlamışdım. Gələndən sonra anladım ki, Azərbaycanda indiyədək ABŞ haqda azərbaycanca videolar çəkən, ştatlar haqda, gəzməli-görməli yerlər haqda ətraflı məlumat verən, buraya necə köçmək, qrin-kartı necə almaq və s. digər məsələlər barədə danışan adam olmayıb. Ona görə də öz bloqumu yaradaraq videolar çəkməyə başladım”, - Əliyev qeyd edib.
Hər bir videodan əvvəl T.Əliyev əvvəlcədən məlumat topladığını, sonra isə bilgiləri videoçarxlarda paylaşdığını deyir. O, səfərlərini də lentə alır. Bu dəfə işlədiyi şirkət onu Havay adalarına göndərəndə T.Əliyeva kamerasını da özüylə götürməyi qərara alır.
“Bir çox KİV yazır ki, mən özüm Havay adalarına uçmuşam, amma əslində məni oraya işimə görə ezam eləmişdilər. Şirkət səfərimin xərcini ödəmişdi. Amerikada harayasa gedəndə səni karantində saxlamırlar, Havay adalarında isə belə deyilmiş. Orada gərək 14 günü özünütəcriddə qalasan. Mən isə belə etmədim. Boş vaxtım olan kimi adanı gəzib video çəkirdim. Məni həbs eləmədilər, amma Havay adalarında karantin qaydalarını pozduğum üçün beş min dollar məbləğində cərimə ödəməli oldum, bundan sonra da sakitcə Los-Ancelesə qayıtdım”, - Əliyev danışıb.
Bloger heç təsəvvürünə də gətirmirmiş ki, karantini pozduğuna görə bu qədər məşhurlaşa bilər. Onun sözlərinə görə, onun haqda Amerikanın ən iri KİV-ləri yazıb, Azərbaycandan isə xeyli dost-tanışı zəng edib.
“Amerikada belə xəbərləri şişirtməyi sevirlər, amma heç gözləmirdim ki, haqqımda KİV-də yazılar çıxsın. Elə də şişirtmişdilər ki. Mənsə sadəcə cərimə ödədim, vəssalam”, - Əliyev etiraf edib.
Hazırda bloger Los-Ancelesdədir və qayıdan kimi işinin başına keçib. Onun sözlərinə görə, Amerikada karantin sərt deyil, sadəcə ticarət mərkəzləri, avtosalonlar və geyim mağazaları işləmir.