CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir təhsillə bağlı yeni qərar imzaladı

© pixabay / Free-PhotosSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnfeksiyasının yayılmasının qarşısının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin təkliflərinə əsasən Nazirlər Kabineti imtahanlar, təqaüdlər və s. ilə bağlı qərar verib

BAKI, 19 may — Sputnik. Azərbaycanın Baş Naziri Əli Əsədov koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365; 2012, № 12, maddə 1344; 2017, № 12 (II kitab), maddə 2532; 2018, № 3, maddə 607) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.4-cü bəndin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.”;

1.2. 7.5-ci bənddən “, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366; 2012, № 10, maddə 1003; 2013, № 10, maddə 1217; 2017, № 12 (II kitab), maddə 2533) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 7.3-cü bənddən “, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış” sözləri çıxarılsın;

2.2. 7.5-ci bəndin üçüncü və dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467; 2014, № 4, maddə 450; 2016, № 4, maddə 820, № 6, maddə 1201, № 12, maddə 2239; 2017, № 2, maddə 307; 2018, № 11, maddə 2431; 2019, № 12, maddə 2051; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 79 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.7-ci və 4.3-cü bəndlərinə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 80 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.6-cı bəndə “Nazirliyi” sözündən sonra “ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası” sözləri əlavə edilsin;

4.2. 2.14-cü, 2.15-ci və 2.18-ci bəndlər ləğv edilsin; 4.3. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin: “2.16. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1638; 2016, № 6, maddə 1202; 2017, № 6, maddə 1232; 2018, № 3, maddə 589; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.2.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: “3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır.

Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

5.2. 3.2.23-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Bu hədd ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən dəyişdirilə bilər.”;

5.3. 3.2.24-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.24. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə  təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

5.4. aşağıdakı məzmunda 4.7-ci və 4.8-ci bəndlər əlavə edilsin:

“4.7. Ali təhsil müəssisəsi tərəfindən buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulmadıqda, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

4.8. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1644; 2018, № 1, maddə 126; 2019, № 4, maddə 761) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.2.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.15. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalır. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur.”;

6.2. 3.2.24-cü yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu hədd orta ixtisas təhsili müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə dəyişdirilə bilər.”;

6.3. 3.2.25-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.25. Cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaqdır.”;

6.4. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:

“4.6. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

4.7. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741; 2019, № 4, maddələr 735, 762, № 8, maddə1480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 78 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.5-ci bənd üzrə:

7.1.1. birinci cümləyə “siyahısı” sözündən sonra “semestr başlayanadək” sözləri əlavə edilsin;

7.1.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin: “Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilir.”;

7.2. 2.6-cı bənddən “semestr üzrə” və “imtahan sessiyasının nəticələrinə əsasən” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2217; 2018, № 4, maddə 814, № 12 (II kitab), maddə 2746; 2019, № 4, maddə 763, № 6, maddə 1141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 45 nömrəli və 27 fevral tarixli 69 nömrəli qərarları) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.*”;

8.2. 2.4-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

8.3. 2.6-cı bəndin üçüncü cümləsi çıxarılsın;

8.4. aşağıdakı məzmunda “*Qeyd” əlavə edilsin:

“*Qeyd. 2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları ikimərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815, № 12 (II kitab), maddə 2747; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 46 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 47 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.”;

10.2. 3.3-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

10.3. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin;

10.4. 3.5-ci bənd ləğv edilsin;

10.5. 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri çıxarılsın.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 32 nömrəli və 17 fevral tarixli 48 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.2-ci bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin;

11.2. 3.8-ci bəndin ikinci cümləsi çıxarılsın, üçüncü və dördüncü cümlələri aşağıdakı redaksiyada verilsin: “Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.”;

11.3. 5.1-ci bəndin ikinci cümləsi ləğv edilsin.

12. Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Xəbər lenti
0