Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi mayın 31-nə qədər uzadılıb.
Buna baxmayaraq, 9 maydan etibarən Bakı metropoliteni yenidən öz qapılarını sərnişinlərə açıb. Mayın 18-dən isə xüsusi karantin rejimi xeyli yumşaldılıb – kafelər, restoranlar, parklar artıq açıqdır. Yaşı 65-dən yuxarı olanların evdən çıxmasına qadağa da artıq yoxdur.
Buna baxmayaraq, metro və avtobuslarda, xəstəxana və dövlət strukturlarında, bir sözlə? ictimai yerlərdə maska taxmaq vacibdir. Cərimələr tətbiq edilmir, amma bu yerlərə maskasız buraxmaya bilərlər. Bakı sakinləri isə bu müddət ərzində maska taxmağa alışdıqlarını deyirlər və bundan sonra da maskada gəzməyə etiraz etmirlər.
Apteklərdə maskaların olmaması problemi də artıq yoxdur. Yerli maska istehsalı tənzimlənib və maskalara sabit qiymət qoyulub – ortalama 30 qəpik.
Karantin rejimi yumşaldılsa da, ayın axırına qədər qüvvədədir. Ticarət mərkəzləri və təhsil ocaqları bağlı olaraq qalır. Azərbaycanda hər gün virusa yoluxanların sayı üçrəqəmli ədədlə ölçülür. Bu səbəbdən evdə qalmasanız da, maska taxmağa çalışın.