CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrünü işə həsr edən qadın: Ailəsiz katib, Brejnevlə görüş və “Ana” poeması

© Photo : Courtesy of Safiyya DibirovaSəfiyyə Dibirova
Səfiyyə Dibirova - Sputnik Azərbaycan
Abunə olmaq
Onu heç kim adı ilə Səfiyyə deyib çağırmazmış. Hamı elə Dibirova deyə tanıyırmış. Heydər Əliyev bir dəfə deyib ki, gedin təsərrüfatı Dibirovadan öyrənin

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Səfiyyə Dibirova... Sovetlər dönəmində bu ad Azərbaycanın şimal-qərb bölgəsində çox məşhur olub, böyükdən kiçiyə hər kəs tanıyıb. Həmin dövrün insanları onu sadəcə Dibirova çağırarmışlar. Adını çox az adam bilərmiş. Sovet dövründə məsul rəhbər vəzifədə çalışanların heç də hamısına elin-obanın rəğbətini, xalqın səmimi hörmətini qazanmaq səadəti nəsib olmurmuş.  Amma Səfiyyə xanım bunu bacarıb.

O, 1933-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olub. Evin sonbeşiyi olan Səfiyyə kənd məktəbini əla qiymətlərlə, nümunəvi intizamla bitirəndən sonra rayon rəhbərliyi onu təşəbbüskar, fəal gənc kadr kimi əvvəl rayon pionerlər evinə müdir, az sonra komsomol komitəsinə şöbə müdiri təyin edib. Daha sonra isə S.Dibirova rayon Soveti sədrinin müavini seçilib.

1953-cü ildə rayon Sovetinə sədr təyin olunan Səfiyyə xanım 1960-62-ci illərdə Balakən rayon Partiya Komitəsinin birinci katibi kimi rəhbər vəzifədə çalışıb. 1962-ci ildə qonşu Zaqatala rayon Partiya Komitəsinin, 1963-cü ildə indiki Oğuz və Şəki rayonlarının Birləşmiş İstehsalat İdarəsi Partiya Komitəsinin birinci katibi seçilib. İki ildən sonra bu birlik ləğv olunub, Səfiyyə xanım Oğuzun birinci katibi kimi fəaliyyətini davam etdirib.

Adı dillərə dastan olan xanımın qardaşı qızı Zümrüd Dibirova bibisi haqqında xatirələri Sputnik Azərbaycan-a danışıb: “Biz heç vaxt onun adından istifadə etməmişik, icazə də verməzdi. Amma elə adamlar da var idi ki, sonradan etiraf edirdilər ki, onun adından istifadə ediblər. Məsələn, 2014-cü ilin noyabr ayı idi. Qax rayonundan bir ağsaqqal kişi gəldi və dedi ki, mən sizin adınızdan çox istifadə etmişəm, sizdən halallıq almağa gəlmişəm”.

© Photo : Courtesy of Safiyya DibirovaSəfiyyə Dibirova
Ömrünü işə həsr edən qadın: Ailəsiz katib, Brejnevlə görüş və “Ana” poeması  - Sputnik Azərbaycan
Səfiyyə Dibirova

İxtisası ədəbiyyatçı olub Səfiyyə xanımın. Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirib. Amma ədəbiyyat müəllimi işləməyib: “O zaman Şəki ilə Oğuz rayonları birləşmişdi, hər ikisinə bibim rəhbərlik edirdi. 1969-cu il idi. Şıxəli Qurbanov bayraq verməyə gəlmişdi. Mən də o tədbirdə idim. Qürur hissi keçirdim ki, o dövrün mətbuatında bibim haqqında yazılar dərc olunur. Bibim orada 10 il olub. 11 il 8 ay Qaxda, 3 il Zaqatalada, 2 il də Balakəndə olub. Ümumiyyətlə 25 il fasiləsiz birinci katib olub”.

Zümrüd xanım deyir ki, bu gün olduğu kimi sovetlər dönəmində də əksər vəzifəli şəxslər sadə camaat üçün “əlçatmaz” idi. Amma Dibirova xalqın adamı olub və insanlar öz problemlərini ona danışırmışlar: “Bibim heç vaxt ədalətsizliyə yol verməzdi, həmişə ona qarşı mübarizə aparardı. Kasıbların, haqqı tapdalananların yanında idi. Yadımdadır, Qafar Cəbiyev “Kommunist” qəzetində böyük bir yazıda “katibin özü” ifadəsini işlətmişdi. Bu o deməkdir ki, qəbula gələndə deyirlər ki, katib yoxdur, müavinlər qəbul edir, deyir ki, yox, mən dərdimi katibin özünə demək istəyirəm. Katibin özü ilə görüş əksər hallarda alınmırdı. Amma bibim xalqa yaxın insan idi, insanlar onunla görüşüb, dərd-sərini deyirdilər. Həmişə deyirdilər ki, “kaş bütün katiblər Dibirova kimi olsun”.

Həmsöhbətimiz bibisi haqqında danışarkən bildirdi ki, Dibirova heç vaxt vəzifəsindən istifadə etməyib: “Mənim yadımdadır ki, o, 1961-ci ildə partiyanın ikinci elmi qurultayına gedəndə (onda Xruşovun vaxtı idi) bibim məni nənəm tək qalmasın deyə, nənəmin yanına gətirdi, 10 gün qaldım. Nənəm əlimə 3 litrlik balon verirdi, gedib süd alırdım. Növbədə olanlar deyirdi ki, “raykomun evinə fermadan niyə süd gəlməməlidir, növbədə durub almalıdır?” Onların danışdıqlarını evdə nənəmə deyəndə, nənəm gülürdü. Dedi ki, Səfiyyə onu birdəfəlik qadağan edib. O zaman uşaq idim, anlamırdım, sonradan anladım ki, bibim düz edirmiş”.

“Bir dəfə də səkkizinci sinifdə oxuyurdum. Bir kök kişi gəldi, “vilis”lə gəlib dayandı nənəmgilin qapısının ağzında. Kolxoz sədri imiş həmin adam, qarpızları gətirib, qoyub getdi. Biz də uşaq idik, bibim qızı ilə əmim oğluyla qarpızları çarpayıların altına daşıyıb, yığdıq, birini də kəsib yedik. Sonra nənəm gəlib bizi gördü, danladı. Yediyimiz qarpızın yarısını yerinə qoydu. Nənəm də o zaman evdə çox olmurdu, işdən gec gəlirdi. Sonra bibim gəldi və nənəmə acıqlandı. Kolxoz sədrini çağırıb, o qarpızları da göndərdi, onu da işdən çıxartdı” – deyə Z. Dibirova söhbətinə davam etdi.

© Photo : Courtesy of Safiyya DibirovaAzərbaycanın ümummilli lideri Heydər Əliyev və Səfiyyə Dibirova
Ömrünü işə həsr edən qadın: Ailəsiz katib, Brejnevlə görüş və “Ana” poeması  - Sputnik Azərbaycan
Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Səfiyyə Dibirova

Zahirən sərt, zəhmli görünən Səfiyyə xanımın mülayim tərəfləri də olub. Anası Əsiyyət xanıma həsr etdiyi “Ana” poeması bunun sübutudur deyir müsahibimiz: “Süfrədə çörək qırıntıları olardı. O, çörək qırıntılarını da ovcuna töküb, ağzına atardı. Əsiyyət nənəm deyərdi, bu bolluğun bir vaxt çətin günü olacaq. Siz çörəyin qədrini bilmirsiz. Biz müharibə görmüşük, talonla çörək almışıq. Çörəyə hörmət, diqqət qoyun. Nənəm bizə də çörəyi qənaətlə yeməyi öyrətmişdi. Adicə bir qəzet də islananda sobanın altına qoyurdu ki, qurusun. Gələn qonaqlar deyirdilər ki, bu katibin abunəçisi, kitabxanası var, bir qəzet nədir ki, onu da quruluyub, saxlayır. Yəni, nənəm bu qədər hər şeyə qənaət edirdi. Əsiyyət nənəmin 9 uşağı olub, 2-si ölüb, 7-si qalıb. Böyük qızının əri müharibədə həlak olub. Qızı da üçüncü uşaqda, yəni, doğumda vəfat edib, yetimlərə də nənəm baxıb. Bibim həm də yazar idi.  O, “Ana” poemasını sırf onun həyatına həsr edib”.

Zümrüd xanım deyir ki, bibisi həmişə qara kostyum geyinirmiş, bər-bəzəyi sevmirmış. Elə bər-bəzəkli təriflər də onun xarakterinə zidd olub:  “Ana” poeması sonradan üzə çıxdı. Bibim Mərdəkanda sanatoriyada olduğu vaxt Bəxtiyar Vahabzadə də orada olub. Onu mənə Şahmar Əkbərov danışmışdı, “Mədəniyyət” qəzetinin redaktoru idi. Mənim yazılarım da o vaxt “Mədəniyyət” qəzetində dərc olunurdu. Şahmar müəllim mənə danışırdı ki, Bəxtiyar müəllim Səfiyyə xanımla məni tanış elədi və beş poemasını bizə göstərdi. Bəxtiyar müəllim nə qədər istədi, onu çap elətdirsin, bibin icazə vermədi, dedi ki, mən öləndən sonra çap edərsiz. Mənə də dedi ki, məndən sonra nə istəsəz edərsiz. Mən belə şeyləri sevmirəm. Çox təvazökar insan idi, artıq fikirlərə icazə vermirdi. “El” jurnalında onun haqqında dərc olunmuş yazıda şişirtmələr çox idi.  O  yazıya  görə də, bibim həmin jurnalistə acığı tutmuşdu”.

1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilməsindən sonra bir çox səriştəsiz, yarıtmaz rəhbər işçilər , kadrlar vəzifələrini itirsələr də, S.Dibirova üçün daha geniş imkanlar yaranır, onun təmizliyi, işgüzarlığı, xalq arasında olan hörməti respublika rəhbərinin diqqətindən yayınmır. Heydər Əliyev 1970-ci ildə S.Dibirovanı Qax rayon Partiya Komitəsinin birinci katibi təyin edir. Səfiyyə xanım bu vəzifədə 1982-ci ilin aprelinə kimi çalışır.

© Photo : Courtesy of Safiyya DibirovaSəfiyyə Dibirova
Ömrünü işə həsr edən qadın: Ailəsiz katib, Brejnevlə görüş və “Ana” poeması  - Sputnik Azərbaycan
Səfiyyə Dibirova

Zümrüd xanım Ümummilli liderin Səfiyyə xanıma olan rəğbətindən söz açdı: “Bir dəfə televiziyada canlı yayım idi. Təsərrüfatın qızğın dövrü idi. Heydər Əliyev dedi ki, gedin Dibirovadan öyrənin. Baxın, o necə işləyir, siz də öyrənin. Brejnevin Bakıya gəlişi zamanında da bibimlə Brejnevin görüşünü Heydər Əliyev təşkil edib, şəkli qəzetlərə də çıxıb. Hamı gətirib mənə göstərdi ki, bax, bibin necə adamla bir dəyirmi masadadı. “Xalqlar dostluğu” ordenini də 1981-ci ildə Heydər Əliyev vermişdi”.

Zümrüd xanım deyir ki, bibisi heç vaxt ailə qurmayıb, özünü bütünlüklə işinə həsr edib, onunla yaşayıb: “21 yaşından birinci katib olub. Canını fəda etdi, ailə qurmağa vaxtı olmadı, onun istədiyi oğlan da olmayıb. Amma ona evlilik təklif edənlər olub. O deyirdi ki, mənim əsas yaş dövrüm getdi, indidən sonra bacarmaram. Ev işlərində yaxşı deyildi. Onun əli yemək bişirməyə öyrəşməyib, evdarlığı yox idi. Yemək bişirərkən neçə qazanı yandırıb. Bəzən ona irad tuturdular, amma o deyirdi ki, mən ailə qurmamağıma peşman deyiləm. Bibim 19 yaşından iş həyatına girib, deyirdi ki, taleyimdə ərə getmək var idisə, o zaman Allah qismət edərdi”.

Dibirova uğurlu iş qadını olmasına baxmayaraq, anası Əsiyyət xanım onun taleyi üçün çox narahat olub: “Həmişə nənəm deyirdi ki, mən dünyadan köçüb gedəcəm, o, ailə qurmadı. Vəzifədən çox ona ailə lazım idi. Siz onu tək qoymayın. Bibimin ayağı sınıb, 2 il 6 ay yataq vəziyyətində qaldı. 1999-cu ildə beyin əməliyyatı olub, 10 gün komada qalıb. Öldüyünü zənn etmişdik, təcili yardım ilə aparanda, komadan ayıldı. Sonra 15 il yaşadı. Bibim rəhmətə gedəndə rayonda çox böyük izdiham var idi. Bu, bibimin nə qədər vicdanlı rəhbər olduğunun əyani sübutu idi. Düşünürəm ki, bibim də rüşvətxor, xalqın malını talayan olsaydı, onun dəfninə bu qədər insan yığılmazdı”.

S.Dibirovanın 25 illik rəhbərlik fəaliyyəti, işgüzarlığı dəfələrlə ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, bir çox orden və medallarla təltif olunub, uzun illər Mərkəzi Komitənin üzvü və respublika Ali Sovetinin deputatı olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 11 iyun tarixli sərəncamı ilə Səfiyyə Dibirova Prezident təqaüdünə layiq görülüb. O, 2015-ci il yanvarın 31-i doğulduğu Balakən rayonunda  rəhmətə gedib.

Xəbər lenti
0