Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 may — Sputnik. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) və "SmartHome" şirkəti dezinfeksiya tunelinin istehsalına başlayıb. “Elsmart” brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi "SmartHome", konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.
Sputnik Azərbaycan da zavoddakı son vəziyyəti öyrənib. STP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev bizi görülən işlərlə bağlı məlumatlandırıb: "İstehsal olunan dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası zamanı, eyni zamanda da gələcəkdə də yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə istifadə oluna bilər. Məhsulun istehsalında məqsədi həm koronavirus pandemiyası dövründə virusun yayılmasını azaltmaq, həm də təşkilatlara vətəndaşları mövsümi və periodik viruslardan qorumağa imkan yaratmaqdır".
"Amma onu da qeyd edim ki, bu dezinfeksiya tunellərinin istehsalı yeni və fərqli fikir deyil. Analoji qurğular xarici ölkələrdə fərqli məqsədlər üçün istifadə olunur. Pandemiya ilə əlaqədar olaraq belə bir dezinfeksiya avadanlığına ehtiyac olduğundan paralel olaraq bir neçə ölkədə dezinfeksiya tunelləri nümunələri yaranıb. Bu cür avadanlıqları rahatlıqla istehsal edə biləcəyimizi düşünərək bu işə start verdik", - deyə R.Əliyev əlavə edib.
Artıq demək olar ki, avadanlıqların kütləvi istehsalına başlanılıb. İlkin olaraq daha çox neft sektoru və istehsal müəssisələrindən sifarişlər qəbul etmişik. Artıq 30 ədəd sifariş qəbul olunub. R.Əliyev deyir ki, müxtəlif ixtisaslaşmış sahələrdən bu cür avadanlıqların sifarişi üçün müraicətlər olub. STP-nin rəsmisinin sözlərinə görə, bu dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlarda satışı nəzərdə tutulub: "Qeyd edim ki, artıq xaricdən də sifarişlər qəbul etmişik ki, bu da bizə ixrac imkanlarını genişlədirmək üçün imkanlar yaradır. Ümumilikdə deyim ki, bu il 1000 ədəd belə dezinfeksiya tunelinin satışı nəzərdə tutulur. Bir sifarişçi tərəfindən daha çox belə avadanlıq sifariş edilərsə, qiymətdə endirimlər tətbiq ediləcək".
R.Əliyev deyir ki, məhsula qoyulan marja azdır, maya dəyəri isə satış qiymətinə yaxındır.