BAKI, 16 may — Sputnik. Bu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplanıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər. Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib.
Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.