BAKI, 15 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 4044-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 184 nəfər artıb.
Ermənistanda son gündə daha 3 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 52-yə çatıb. Xəstəlikdən sağalanların sayı 1666 olub.
Hazırda Ermənistanda 2304 nəfər virusdan müalicə alır.
Gürcüstanda isə son sutka ərzində 4 nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 671-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu keçib, 302 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.