BAKI, 15 may — Sputnik. “Azərbaycanda iş yerlərində də koronavirusa yoluxma halları qeydə alınıb. "Bakı Tikiş Evi"ndə 64 nəfər koronavirusa yoluxub. Onların müalicəsi hazırda davam edir. Çox təəssüf ki, bəzi müəssisələrinin rəhbərləri mövcud çağırışlara əməl etmirlər. Bu isə virusa yoluxma faktları artırır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O, bildirib ki, "Baku Steel Company"də 48 yeni yoluxma faktı qeydə alınıb: "Ölkədə 46 məhbus koronavirusa yoluxub. Bu rəqəm əvvəl 33 idi. Daha sonrakı dövrdə 13 məhbus virusa yoluxub".
R. Bayramlı onu da vurğulayıb ki, liftlərin fəaliyyətinə diqqət edilməlidir: "Liftlərdən istifadə minimuma endirilməlidir, insanlar pilləkənlərdən istifadə etməlidirlər. Biznes mərkəzlərində maskalardan istifadə və sosial məsafə qaydalarına ciddi riayət edilməlidir".