BAKI, 14 may — Sputnik. Koronavirus infeksiyası olan pasiyentlərdə xəstəliyin yüngül formasından ağır formasına keçidi bir gündən az vaxtda baş verə bilər.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Prezidentinin İşlər İdarəsinin baş ştatdankənar infeksionisti, Mərkəzi Klinik Xəstəxananın yoluxucu xəstəliklər mərkəzinin rəisi Georgi Sapronov bu barədə RİA Novosti-yə bildirib.
"Xəstəliyin yüngül formasından orta ağır və ağır formasına keçidi çox sürətlə baş verir. Əgər səhər xəstə özünü az-çox yaxşı hiss edirsə, axşam o, reanimasiyaya göndərilə bilər", - Sapronov bildirib.
Onun sözlərinə görə, həkimlərin əksəriyyəti xəstəliyin sürətli inkişafına hazır deyil.
"Əlbəttə ki, həkimlərin böyük bir hissəsi buna hazır deyil. (Xəstəlik - red.) sürətlə vurur", - Sapronov qeyd edib.
"Buna görə həkimlər üçün xəstəni izləmək çox vacibdir", - o əlavə edib.