BAKI, 14 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3860-a çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 142 nəfər artıb.
Ermənistanda son gündə daha 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 49-a çatıb. Xəstəlikdən sağalanların sayı 1572-yə çatıb.
Hazırda Ermənistanda 2218 nəfər virusdan müalicə alır.
Qonşu Gürcüstanda isə son sutka ərzində 5 nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 652-yə çatıb. Bundan əlavə, ölkədə daha bir nəfər xəstəlikdən ölüb. Bununla da ölənlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu keçib, 297 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.