Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. Artıq bir müddətdir ki, ölkə gündəmi koronavirus infeksiyası ilə bərabər, həm də bankların bağlanması xəbərləri ilə zəbt olunub. Qısa müddət ərzində ölkədə bir-birinin ardınca bir neçə iri bank bağlanıb
Bankların gözlənilmədən bağlanması bank sektorunda olan problemləri bir daha qabartmış oldu. Çünki bağlanan banklar (“Atabank”, “AGBank”, “NBCBank” və “Amrahbank”) kifayət qədər iri və müştərisi olan banklar sayılırdılar. Bu prosesin ölkədə iqtisadi vəziyyətin kifayət qədər çətin olduğu bir dövrdə baş verməsi isə insanlar arasında ciddi təşvişə səbəb olub.
Bəs bankların bağlanma prosesi necə, davam edə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ölkənin bank-maliyyə sistemi stressli vəziyyətdə idi: "Ötən il ölkə başçısının problemli kreditlərin qaytarılması ilə bağlı fərmanından sonra bir çox bankların maliyyə durumunda normallaşma baş verdi. Manatın məzənnəsinin də uzun müddət eyni qaydada qalması bankların işinə bir qədər dəstək oldu. Lakin bu 4 bankın bağlanması iqtisadi problemlərdən başqa, psixoloji problemlər də yaradıb. Eyni zamanda bunun fonunda biz bank sektoruna olan güvənin yenidən zədələnməsinin şahidi oluruq. Bu da ciddi problemdir".
"Pandemiya dövründə insanların gəlirlərinin azaldığını nəzərə alsaq, iş yerləri ilə bağlı problemlərin olduğunu, ölkədə təxminən 2.2 milyon nəfərin adına istehlak kreditinin olduğu, bundan başqa biznes və ipoteka kreditlərinin də olduğu nəzərə alınaraq, Nazirlər Kabineti və Mərkəzi Bankdan banklara bir tövsiyə oldu ki, sentyabradək gecikmiş ödənişlərlə bağlı faiz və cərimələr hesablanmasın. Bu isə o deməkdir ki, martdan etibarən insanların ödəniş qabiliyyətində zəifləmələr olacaq. Lakin sentyabr ayında borc yükü şişəcək ki, növbəti aylarda bu artan məbləğin ödənilməsində də problemlərə səbəb olacaq", - deyə iqtisadçı-ekspert əlavə edib.
Ekspert deyir ki, vətəndaş birdən-birə 4-5 ayın kreditini ödəyə bilməyəcək ki, bu zaman da problemli kreditlərin artma ehtimalı böyük olacaq: "Düşünürəm ki, sentyabr-oktyabr aylarında yeni bir dönəmə - problemli kreditlərin artdığı bir zamana qədəm qoyacağıq. Hansısa bankların bağlana biləcəyindən daha çox yarana biləcək bu problemlərin qarşısının alınması üçün indidən addımların atılmasına ehtiyac var. Bankların bağlanma ehtimalına gəldikdə, 4 bankın bağlanmasından sonra hansısa bankın bağlana biləcəyi ilə bağlı ad çəkməsəm də, payız aylarında bu problemin yaşanacağını indidən söyləmək olar. Bu baxımdan payız ayları bank sektorları üçün bu ilin ən ağır ayları kimi proqnozlaşdırıla bilər".