BAKI, 14 may — Sputnik, Kəmalə Əliyeva. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı zərif cinsin nümayəndələri "Biz xaricdəyik" adlı birgə layihə naminə birləşiblər. Onların məqsədi yaşadıqları yerlərin tarixini, mədəniyyətini, mətbəxini təbliğ etməkdir.
İdeyanın müəllifi azərbaycanlı Aytən Əhmədovadır. O, uzun müddətdir Türkiyədə təhsil alır və işləyir, lakin hazırda vətənindədir. Koronavirus pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlər bağlı olduğuna görə o, geri qayıda bilməyib. Əhmədovada belə qeyri-adi layihənin yaradılması ideyası bu ilin mart ayında yaranıb.
"Layihəmizdə həmvətənlərimiz iştirak edirlər. Mən onların bir çoxunu çoxdan tanıyıram, bəziləri ilə də digər iştirakçılar vasitəsilə tanış olmuşam. Ümumilikdə layihədə 15 nəfər iştirak edir: Amerikadan Ülkər Tahirbəyli, Norveçdən Şəhla Mirzəzadə, Ameliya Zamanova (London), Lalə Vəliyeva (Kanada), Almaniyadan Rəşidə Şıxəliyeva və Türkan İsmayıllı, Fransadan Sevinc Pənahova, Yeganə Cəfərova və Fidan Xəlilova, Nərgiz Əliyeva (İsveç), Surə Ağaverdiyeva (Finlandiya), Könül Qarayeva (BƏƏ), Gülnar Aslanlı (Koreya), eləcə də Hüseyn Seyidzadə (Meksika)", - deyə Aytən Əhmədova bildirib.
Посмотреть эту публикацию в Instagram
Onlar birgə layihənin sosial şəbəkələrdə ümumi səhifəsini yaratmamaq, bütün materialları öz profillərində paylaşmaq qərarına gəliblər. Əhmədovanın sözlərinə görə, iştirakçılar sosial şəbəkə istifadəçilərinə müxtəlif maraqlı məlumatlar verirlər: xaricə necə köçmək və yaşamaq, müxtəlif ölkələrdə karantinin necə keçməsi və s. Onlar həmçinin yaşadıqları yerlərin məşhur yeməklərini hazırlayır, şəxsi təcrübələrini bölüşürlər.
Xaricdə yaşayan azərbaycanlı xanımların layihəsinin bir hissəsi olmaq istəyənlər çoxdur. Lakin təşkilatçılar hələlik heç kimi ona daxil etmək niyyətində deyillər. Ancaq gələcəkdə coğrafiyanı genişləndirməyi və yeni iştirakçılar cəlb etməyi planlaşdırırlar.