İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 may — Sputnik. Bağlanmış 4 bankın sektorda payı yüksək deyildi. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E.Rüstəmov bildirib ki, bağlanan 4 bankda problemli kreditlərin çəkisi 73 faizə çatırdı: ""AtaBank"da vəziyyət daha pis idi. Burada problemli kreditlər 88 faizə çatırdı. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 690 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir".
Baş bankirin sözlərinə görə, bankların sektorda qalması üçün 677 milyon əlavə kapital tələb edilirdi. "AGbank"da xarici audit də mənfi idi. Bir dəfə bu bankı xilas etməyə çalışdıq, amma alınmadı".
Elman Rüstəmov deyib ki, hazırda banklarda heç bir problem müşahidə olunmur: "Pandemiya şəraitində bankların aktivlərinin pisləşməsi gözləniləndir və hazırda müşahidə edilir. Banklar tərəfindən may ayı üzrə 549 milyon manat həcmində restrukturizasiya üçün müraciət edilib".