CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib

© Photo : Facebook / Fərid HaqverdiyevЭскиз мини-игры "Rainly neon – Baku"
Эскиз мини-игры Rainly neon – Baku - Sputnik Azərbaycan
Abunə olmaq
Fərid Haqverdiyev bir neçə nəfərin eyni vaxtda oynaya biləcəyi, lakin onun buraxılışı üçün böyük vəsait və investisiyalar tələb olunan kiberpank janrında multipleyer oyun yaradıb

BAKI, 13 may — Sputnik, Kəmalə Əliyeva. Demək olar, bütün dünyanın karantində olduğu bir vaxtda, Azərbaycanda məşhur olan yerli kompüter oyunlarının tərtibçisi Fərid Haqverdiyev "Rainly neon-Baku" adlı kiberpank janrında mini-oyun yaratmaq qərarına gəlib. O, Sputnik Azərbaycan-a müsahibəsində özünün yeni layihəsi barədə ətraflı danışıb.

- Fərid, kiberpank janrında mini-oyun yaratmaq ideyası necə yarandı? O, hansı cəhətdən maraqlıdır?

- Kiberpank - kompüter dövründə texnoloji tərəqqi fonunda qaranlıq gələcəyi əks etdirən elmi fantastika janrıdır. O, virtual reallıq, süni intellekt, hakerlər, nanotexnologiyalar, kiborqlar və s. kimi mövzulara toxunur. Kiberpank özünəməxsus üslub xüsusiyyətlərinə malikdir: fəaliyyət əsasən gecə saatlarında baş verir və küçələr tez-tez böyük həcmdə neon reklam lövhələri ilə işıqlandırılır. Təsadüfi deyil ki, oyunumuzun layihəsini biz "Rainly neon – Baku" adlandırmışıq.

Kiberpankın stilistikası məni çoxdan maraqlandırır və qeyd edim ki, ölkəmizdə hər il daha çox insan bu janrda oyunlar, animasiyalar, filmlər və hətta kitablarla maraqlanırlar. Bizim Azdimension komandamızda da bu janrın pərəstişkarları var və Bakının gələcəkdə necə görünəcəyinə baxmaq bizim üçün maraqlı oldu.

Bizim layihəyə gəlincə, bu versiyada oyun prosesi iki lokasiyada baş verir. Onlardan biri göydələnli şərti şəhər mərkəzidir, digəri isə Bakının bir və ikimərtəbəli kiçik evlərdən ibarət tarixi hissəsidir. Biz hər birinin öz silahları və bacarıqları olan kiborq rolunu oynayırıq.

Yaratdığımız treyler videoçarxında biz kiborqların supersürət, plazma hücumunun mövcudluğu və lazer müdafiəsi  kimi bacarıqlarını göstərmişik. Yeni oyunun bizim əvvəllər yaratdığımız kompüter oyunlarından əsas fərqi onun multipleyer olması, eyni zamanda bir neçə nəfər tərəfindən oynanıla bilməsidir.

- Demək olarmı ki, siz Azərbaycanda bu janrda oyun yaradan ilk insansınız?

- Əslində, müasir oyunlarda kiberpank mövzusu digər janrlara nisbətən kifayət qədər yayılmayıb. Bu janrdakı kult oyunlardan "Deus Ex" və bu il gözlənilən "Cyberpunk 2077"-ni qeyd edə bilərəm.

Əgər Azərbaycan haqqında danışsaq, onda bizdə ümumiyyətlə o qədər də çox oyun buraxmırlar və çox nadir hallarda bu oyunlar Azərbaycanla bağlı olur. Ancaq yerli yaradıcılıq və incəsənətin digər növləri haqqında danışırıqsa, rəssamlarımız və yazıçılarımız bəzən kiberpank mövzusuna müraciət edirlər.

© Photo : Facebook / Fərid HaqverdiyevFərid Haqverdiyev
Azərbaycanlı kiberpank yaradıb və orada Bakının gələcəyini nümayiş etdirib - Sputnik Azərbaycan
Fərid Haqverdiyev

- Onun yaradılması üçün nə qədər vaxt lazım oldu?

- Bizim videoçarxda gördüklərinizi yaratmaq üçün cəmi bir həftə vaxt lazım oldu. İşə sıfırdan başlayaraq ətraf mühitin (lokasiya), proqram kodunun və interfeysin yaradılması daxildir. Modellərin bir hissəsini özüm hazırlamışam, amma bina şəkilli əsas çərçivələr və personajlar simvollar şəklində qəbul edilmiş proqram tərəfindən verilən açıq mənbələrdən götürülüb.

- Bu oyunda siz Bakının gələcəkdə necə görünəcəyini göstərmisiniz. Bilmək istərdim, siz onu necə təqdim etmisiniz?

- Əlbəttə, mənim yaratdıqlarım eskizlər, Bakının kiberpankın settinqində necə görünməsi barədə baxışımdır. Mən bu layihəni daha çox ideyanın özünü əks etdirən konsepsiya adlandırardım. Əgər yaradıb başa çatdırsaq, son məhsul özündə bizim mədəniyyətimizə xas yerli xüsusiyyətləri və koloriti əks etdirən daha çox detalı ehtiva edəcək. Amma bunu etmək üçün oyuna çox əmək və vaxt sərf etmək lazımdır.

- Oyunda Bakının hansı yerləri göstərilib?

- Etdiyim videoda iki yer var. Məkanlardan biri – bizim məşhur Flame Towers-in yerləşdiyi şəhərin göydələndən ibarət şərti mərkəzidir. İkinci məkan isə hündür olmayan evlərin yerləşdiyi Kubinka, İçərişəhər və Sovetski kimi yerlərdir. Əgər personajlardan danışırıqsa, onlar yaxın gələcəkdə cəmiyyətin tamhüquqlu üzvləri olacaq, həm insanlara kömək edə, həm də zərər verə biləcək kiborq və robotlardır.

- Oyun tamamilə hazırdırmı və o, əsasən kimlərə hesablanıb?

- Videoda göstərilən oyunun əsas konsepsiyası hazırdır. Bu layihənin yaradılmasında əsas məqsəd şəbəkə oyunları yaratmağı öyrənmək idi ki, bir neçə nəfər eyni vaxtda kompüter şəbəkələrindən istifadə edərək oynaya bilsin. Bizim AzDimension əsasən təkbaşına oynanılan oyunlar yaradır. Onları etmək daha asandır və onlar daha çox yayqındır.

Artıq bu texnologiyanın öyrənilməsi istiqamətində irəliləyiş əldə etdikdə, bütün biliklərimi test edə biləcək mini layihə yaratmağa qərar verdim. Əvvəlcə mən bundan mürəkkəb bir şey etmək niyyətində deyildim, amma karantindən dolayı asudə vaxtımın yaranması səbəbindən çoxdankı kiberpank yaratmaq ideyamı həyata keçirmək qərarına gəldim.

- Sizin oyununuz kiberpank janrında xaricdə yaradılan oyunlardan nə ilə fərqlənir?

- Xaricdə bu janrda oyunlar tez-tez buraxılır, lakin onların bir çoxu kiberpank üçün linklərə malikdir. Ən məşhur oyunlar haqqında danışırıqsa, onlar "Deus Ex", "Mirror's Edge", "Detroit Become Human", "Ruiner", "ShadowRun" və başqalarıdır. İlk növbədə, əsas fərq bizim oyunun mexanikasının özünü şəbəkə üzərində oynamağa yönəltməsidir, çünki kiberpank settinqində yaradılan oyunların çoxu təkbaşına oynanılanlardır. Həm də mənim personajlarımın unikal qabiliyyətləri var. İkincisi, bu, fəaliyyət və stilistikanın yeri ilə bağlıdır. Hadisələrin Bakıda cərəyan etməsi özü artıq onu digər oyunlardan fərqləndirir.

- Siz onu buraxmaq niyyətindəsinizmi və əgər buraxacaqsınızsa, nə vaxta planlaşdırırsınız?

- Bir çoxları deyə bilərlər ki, əgər mən bir həftə ərzində belə bir şey etmişəmsə, onda daha çox vaxta və böyük komanda ilə layihəni daha yaxşı edə bilərəm. Amma təəssüf ki, yaxşı satılan oyunu buraxmaq üçün böyük vəsait və investisiyalar lazımdır. Oyun qurmaq kino sənayesinə bənzər bir sənət növüdür. Bir oyunu yaratmaq film istehsalında olduğu kimi, dizaynerlər, proqramçılar, modelyerlər, rəssamlar, bəstəkarlar, ssenaristlər və digər peşəkarlar mütəxəssislər tələb edir. Bundan əlavə, hazırda komandamız iki oyun hazırlamaqla məşğuldur: biri kompüterlər üçün, digəri isə mobil qurğular üçün.

- Fərid, siz başqa hansı oyunları yaradırsınız?

- Oyunun biri fantasy action janrında olacaq – bu, "Aksilon: Artefakt əfsanəsi"dir. Burada hərəkət birinci şəxslə başlayır. Süjet komandamızın üzvü Timur Əzizovun eyniadlı kitabına əsaslanır. Oyundakı hadisələr sülh və harmoniya içində yaşayan bir çox krallıqlardan ibarət Aksilon dünyasında baş verir. Ancaq Sayrusun qaranlıq sahibi dünyanın kövrək tarazlığını pozmaq istəyir. Oyun özü kompüterlər üçün nəzərdə tutulub, əgər alınsa, gələcəkdə onu "Playstation 4" və "Xbox One"-da yayımlamağı planlaşdırırıq.

İkinci oyun "UpMan" adlanır. O, Bad Button oyun studiyası ilə birlikdə hazırlanır. Biz orada Yer kürəsini yad planetin işğalından qurtarmağa çalışan, bu məqsədlə super qabiliyyətlərə malik böyük bir robata çevrilmək üçün yadplanetli əlcəyin köməyi ilə güc toplayan oğlanın xeyrinə oynayırıq. Bu oyunda biz yad varlıqdan təmizlənməli olan müxtəlif şəhərləri gəzəcəyik. Oyun mobil platformalar üçün planlaşdırılır.

Xəbər lenti
0