CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?

Abunə olmaq
"Düşünürəm ki, karantin qaydaları və test prosesinə müəyyən qədər dəyişiklik etməyə ehtiyac var. Xüsusən də regionlarda təshil alanların məktəbə getməyə ehtiyacı var" - Kamran Əsədov
BAKI, 12 may — Sputnik. Artıq bir müddətdir ki, Danimarka və Norveçdə məktəblər açılıb. Ötən həftədən etibarən Avropanın bir çox ölkələri də alimlərin tövsiyələrinə rəğmən məktəbləri açmaq haqda qərar qəbul edib. Mayın 11-dən Fransada məktəblər açılıb. Almaniyada isə bu həftədən şagirdlər həftəlik növbəli sistemlə məktəbə başlayırlar. Yəni 20 nəfərlik sinifdə şagirdlərin 10-u məktəbdən, eyni zamanda digər 10 nəfəri isə evdən dərs alır. Daha sonrakı həftədə isə növbələr dəyişəcək, yəni mayın 11-dən bir həftə ərzində məktəbdə dərs alan şagirdlər növbəti həftədə evdən, öncəki həftədə evdən dərs alanlar isə məktəbdən dərs alacaqlar.
Azərbaycanda da şagirdlər artıq 71 gündür ki, məktəbdən, əlçatan təhsil prosesindən uzaqda qalıblar. Maraqlıdır, Azərbaycan necə, bu ölkələrin ənənəsindən yararlana bilərmi?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb və bildirib ki, tərəflərindən bununla bağlı daha öncə də müraciət edilib, təkliflər verilib: "Martın 3-dən etibarən Azərbaycanda məktəb və universitetlər fəaliyyətini dayandırdı. Bu o deməkdir ki, 4 min 447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird üçün normal dərs axını dayanıb. Martın 11-dən teledərslər, aprelin 2-dən virtual dərslər keçirilsə də, bu proqramlar bütün şagirdləri əhatə edə bilməyib, şagirdlər üçün dərslərin əlçatanlığı təmin olunmayıb. Məktəblərdə dərslərin bərpa olunması üçün təklif etmişdim ki, bu aydan etibarən mərhələli şəkildə dərslərə başlanılsın. Belə olan halda sinfin bir hissəsi bir, qalan hissəsi isə digər müəllimin dərsində iştirak edəcəklər. Xüsusən də 9-11-ci siniflərdə dərsləri bu yolla bərpa etmək olar. Çünki virtual yollar və teledərslər vasitəsilə şagirdlər mövzuları tamamilə mənimsəyə bilməyiblər".
"Qarşıdakı günlərdə 9 və 11-ci sinif şagirdlərini imtahanların gözlədiyini nəzərə alsaq, deyə bilərik ki, onlar üçün normal təhsil prosesi hələ ki, həyata keçirilmir. Bu səbəbdən prosesin mayın 31-dək uzadılması anlaşılan deyil", - deyə K.Əsədov əlavə edib.
Təhsil eksperti bölgələrdə karantinin aradan qaldırıldığını, şagirdlərin asanlıqla hərəkət edə bildiyini əsas gətirərək deyir ki, son 14 gün ərzində yoluxmanın müşahidə olunmadığı ərazilərdə məktəbləri qismən açmaq olar:
"Bu prosesi iyunun 1-dək dayandırsaq, o zaman 1-14 iyun tarixlərində yalnız sənədləşmə işlərini həyata keçirtmək mümkün olacaq. Bu səbəbdən düşünürəm ki, karantin qaydaları və test prosesinə müəyyən qədər dəyişiklik etməyə ehtiyac var. Xüsusən də regionlarda təhsil alanların məktəbə getməyə ehtiyacı var".
K.Əsədovun sözlərinə görə, qonşu Türkiyədə də bənzər təcrübələr əsasında məktəblərin yaxın günlərdə bərpası nəzərdə tutulur: "Universitetlərdə son kursda oxuyanlar diplom işinə, dövlət imtahanına hazırlaşırlar. Belə tələbələrin tədris prosesinə cəlb edilməsi vacib idi. Biz tədris prosesinin dayandırılmasına rəğmən digər şəxslərin evlərini tərk edərək işlərini gördüklərinin şahidiyik. Bir daha qeyd edim ki, tədris prosesinin saxanılması, yəni məktəblərin açılmaması şagirdlərin tədrisdən geri qalmasına səbəb olacaq".
Sabahdan ali məktəblərə sənəd qəbulu başlayır>>
Qeyd edək ki, Avropa ölkələri hələlik bağçaların deyil, yalnız məktəblərin açılması istiqamətində müəyyən mexanizm formalaşdırır. Avropada sosial məsafəni qorumaq üçün məktəblərdə şagirdlərin fərqli vaxtlarda dərsə başlayacağı və fərqli vaxtlarda sinif otaqlarını tərk edəcəyi qərarlaşdırılıb.
Fransada isə aşağı yaşlılar üçün nəzərdə tutulan orta məktəblər yalnız virusun geniş yayılmadığı ərazilərdə açılacaq. Bununla belə, virusun yayılma arealının genişlənməməsi üçün bütün idman oyunlarının qadağası hələ də qüvvədə qalacaq. Bundan başqa, Avropada artıq açılan məktəblərdə birdən artıq şagirdin toxuna biləcəyi bütün əşyaların dezinfeksiya olunmasının vacibliyi tövsiyə olunur.
Xəbər lenti
0