CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başına gələn başmaqçı olar: Əllərinizə yaxşı baxın ki, başınız ağrımasın

© Sputnik / Varvara Gerte / Mediabanka keçidМойка рук, фото из архива
Мойка рук, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Çirkli əllərdən insan orqanizminə koronavirus COVID-19, vəba, pnevmoniya, hepatit və qrip kimi infeksiyalar daxil ola bilər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Koronavirusun yeni yayılmış növü olan COVID-19-dan qorunmaq üçün ən təsiredici gigiyenik üsul əllərin yuyulması hesab olunur. Elə bu səbəbdən də xüsusi karantin şəraitində fəaliyyətinə icazə verilən sahələrdə əsas tövsiyə əllərin təmiz saxlanılması ilə bağlıdır.

Bu günlərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də İctimai İaşə Müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb. Həmin metodiki göstərişdə əllərin gigiyenasına dair tövsiyələr öz əksini tapıb: “Əllər axar su ilə isladılıb sabun əllərə sürtülməlidir. Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın. Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun. Əllərinizi axar suyun altında mükəmməl durulayın. Əllərinizi təmiz salfetlərlə qurudun. Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin. Dırnaqların gigiyenasına da diqqət göstərilməlidir. Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir. Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə təmiz yuyulmalıdır. İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir. Dırnaqların dişlənməsi yolverilməzdir. Kutikula qatının zədələnməsi arzuolunmazdır, çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır”.

Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19-a yoluxma riski əsasən əllərimizdir. Odur ki, əllərimizin təmizliyinə riayət etmək vacibdir. Həkim-dermatoloq xidmət sahələrində isə əllərin gigiyenik təmizliyinə xüsusi olaraq əməl edilməli olduğunu söyləyir: “Artıq iki aydan çoxdur ki, pandemiya şəraitində yaşayırıq. Ölkə prezidentinin erkən qərarına əsasən, qabaqlayıcı tədbirlər nəticəsində koronavirusun kəskin yayılmasının qarşısı alındı. Amma nəzərə almaq lazımdır ki, koronavirus infeksiyası əllərimiz vasitəsilə daha asanlıqla insana yoluxa bilir. Xidmət sahəsində isə bu risk daha böyükdür.

© Sputnik / Zulfiyya GuluyevaMərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova
Başına gələn başmaqçı olar: Əllərinizə yaxşı baxın ki, başınız ağrımasın - Sputnik Azərbaycan
Mərkəzi Gömrük Hospitalının həkim-dermatoloqu Sevinc Kərimova

Odur ki, ictimai iaşə müəssisələrində TƏBİB tərəfindən hazırlanan metodiki göstərişlərə əməl etmək vacibdir. Əks halda, çirkli əllərdən yaranan xəstəliklər qlobal səviyyədə böyük fəlakətə yol aça bilər. Çirkli əllərdən insan orqanizminə koronavirus COVID-19, vəba, pnevmoniya, hepatit və qrip kimi infeksiyalar daxil ola bilər. Koronavirus pandemiyası dövründə COVID-19 infeksiyasından qorunmağın əsas şərtlərindən biri də əl gigiyenası qaydalarına uyğun olaraq əllərin tez-tez maye sabunla yuyulması və spirt tərkibli məhlulla dezinfeksiya edilməsidir. İnsanların infeksiyaya yoluxma və ya xəstəliyin yayılma təhlükəsinin olduğu vaxtlarda əllərin yuyulması olduqca zəruridir. Əlləri ilıq su altında islatmaq və sabun ilə əlləri ən azı 20 saniyə ovuşdurmaq, barmaq aralıqlarını və dırnaqların arasını yaxşı sabunlamaq və axar suyun altında durulamaq lazımdır. Əllərin gigiyenasına, həmçinin dırnaqların təmizlənməsi və kəsilməsi də aiddir. Ona görə də dırnaqlar qısa olmalı, arası su və sabunla təmiz yuyulmalıdır. Ən sadə qaydalara riayət etməklə özünüzü koronavirus COVID-19 və digər infeksiyalardan qorumuş olarsınız”.

Həkim-dermatoloq bildirir ki, nəqliyyatda, liftdə, marketdə və s. yerlərdə olarkən əlləri yumağa imkan olmadıqda, əl üçün xüsusi antiseptiklərdən istifadə etmək lazımdır: “Çünki antiseptik mayelərin tərkibində yalnız dezinfeksiyaedici maddələr deyil, digər qoruyucu maddələr də var. Adətən 95%-li etil spirti ilə əlləri dezinfeksiya etmək məsləhət görülmür. Bu əllərin dərisini quruda, çatlar əmələ gətirə, ekzema və digər dəri xəstəliyinin yaranmasına səbəb ola bilər. Lakin 95%-li 100 ml. etil spirtin içinə 3 ml. qliserin və 10 ml. 3%-li hidrogen peroksidi əlavə etməklə əllərin dezinfeksiyası məqsədilə istifadə etmək olar”.

Həkim-dermatoloqun sözlərinə görə, əllərimizlə sıx təmasda olan açar, çanta da tez-tez dezinfeksiya olunmalıdır.

S.Kərimova deyir ki, koronovirus pandemiyası dövründə əllərə qulluq da vacibdir: “Düzdür, koronavirusdan (COVID 19) qorunmağın əsas şərtlərindən biri də gigiyenik qaydalara uyğun olaraq əllərin tez-tez maye sabunla yuyulması və spirt tərkibli məhlulla dezinfeksiya edilməsidir. Amma nəzərə almaq lazımdır ki, əllərin tez-tez yuyulması və antiseptiklərdən istifadə dərini qurudur, nəticədə əllərdə mikro çatlar yarada bilir. Bu isə dəridə ikincili infeksiyaların müxtəlif dermativlərinin yaranmasına səbəb olur. Odur ki, əlləri soyuq su altında nəmləndirici sabun və ya krem-sabun ilə yumaq lazımdır. Çünki isti su əllərin yağını yuyub apara bilər. Əlləri yuduqdan sonra mütləq yaxşı qurulamaq və səthinə nəmləndirici krem vurmaq tövsiyə olunur. Əgər əllərin dərisi çox qurudursa, bu halda quru dərilər üçün qidalandırıcı kremi qalın qatla əllərə vurmaq və onu dəriyə tam hopdurmaq məsləhətdir. Kremlər əllərin dərisini yaxşı nəmləndirəcək”.

Xəbər lenti
0