CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yadıma düşəndə gülümsəyirəm. Başımıza bomba yağanda gəminin içində gizlənirdik"

© Sputnik / Evgeniy Haldei / Mediabanka keçidİkinci dünya müharibəsi zamanı dənizçilər
İkinci dünya müharibəsi zamanı dənizçilər - Sputnik Azərbaycan
Abunə olmaq
"Quruda müharibə ilə suda müharibə çox fərqlənir. Mən başıma bomba yağa-yağa gəmidə motor təmir edirdim. Bombardman olan kimi qaçıb gəminin içərisində gizlənirdik. Çünki başqa gizlənməyə yerimiz yox idi. Ya özümüzü suya atmalı idik, ya da gəminin içinə sığınmalıydıq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Onu axtarıb tapmaq bir qədər çətin oldu. Yaşadığı ünvanı telefonda başa sala bilmədiyindən, İkinci Dünya Müharibəsinin canlı qəhrəmanlarından olan Vyugin Mixail Daniloviçi soraqlaya-soraqlaya "Cənub Dərəsi" adlanan evində tapdıq.

Uzun illərdir ki, Bayılda, Azər Nəsirov küçəsi 5 A ünvanında tək yaşayan 96 yaşlı veteran artıq yeriməkdə də çətinlik çəkir. Amma özünün dili ilə desək, hər il 9 May Qələbə Gününü səbirsizliklə gözləyir. Deyir ki, sabahkı gün yenidən o, 75 il əvvələ qayıdaraq gəncliyini, müharibə xatirələrini yada salacaq, yaddaşında silinməz iz buraxan o günləri bir də gözünün qarşısına gətirəcək.

1924-cü ildə Rusiyanın Ryazan vilayətində dünyaya göz açan  Vyugin Mixail Daniloviç Sputnik Azərbaycan-a müsahibəsində bildirdi ki, onu müharibəyə aparan yol dənizçilik məktəbindən başlayıb. 1942-ci ildə 18 yaşında Mahaçqalada dənizçilik məktəbində bir il təhsil alandan sonra Vyugin Mixail Daniloviç dənizdə, gəmidə fəaliyyətə başlayır: "Bizə bir gün dedilər ki, hamı bir nəfər kimi səngər qazmalıdır. Biz səngəri qazdıqda artıq müharibənin qoxusunu hiss etməyə başladıq. İnsanlar arasında çaxnaşma düşmüşdü. Amma vəziyyət çox ciddi idi. Bomba səsləri eşidilirdi.

Artıq səngəri qazıb hazır etmişdik. Bu an səngərə iki meyit düşdü. Hər kəs bir anlıq donub qaldı. Sən demə, bu, müharibədən qaçanların meyiti idi. Onları qaçarkən güllələmişdilər. Mən ondan sonra müharibənin nə demək olduğunu tam anladım.

Bizə silahla davranmağı, müharibənin qayda-qanunlarını öyrətdilər. Mən bir müddət Mahaçqalanın müdafiəsində iştirak etdim. Amma bizə təkcə quruda yox, suda müdafiə də lazım idi. Ona görə də gəmi təmiri üçün ixtisaslı kadrları topladılar. Mən də gəmidə mühərrik təmirini yaxşı bacarırdım. Çünki ixtisasım bu idi. Məni göndərdilər hərbi gəmiyə.

© Sputnik / Zulfiyya GuluyevaVyuqin Mixail Daniloviç
Yadıma düşəndə gülümsəyirəm. Başımıza bomba yağanda gəminin içində gizlənirdik - Sputnik Azərbaycan
Vyuqin Mixail Daniloviç

O günlərdən danışanda mən gülümsəyirəm. Çünki quruda müharibə ilə suda müharibə çox fərqlənir. Mən başıma bomba yağa-yağa gəmidə mühərrik təmir edirdim. Bombardman olan kimi qaçıb gəminin içərisində gizlənirdik. Çünki başqa gizlənməyə yerimiz yox idi. Ya özümüzü suya atmalı idik, ya da gəminin içinə sığınmalıydıq. 

Külək bəzən mübarizəni də, müdafiəni də çətinləşdirirdi. Amma biz suda hava hücumundan müdafiə olunmağı bacarmalıydıq. Çünki gəmilər cəbhə bölgələrinə ərzaq, silah-sursat daşımaq üçün ən əlverişli nəqliyat vasitəsi idi. Bir müddət mən gəmi ilə cəbhə bölgəsinə ərzaq daşıdım.  Müharibənin ən qaynar vaxtlarında həm əsgər, həm motorist, həm də sürücü kimi fəaliyyət göstərdim. Əlbəttə ki, başımıza güllə yağa-yağa. Biz yola çıxanda ölümü hər an gözə alırdıq...."

Vyugin Mixail Daniloviç  müharibədə göstərdiyi bu şücaətlərinə görə medalsız qalmır. Ona onlarla təşəkkürnamə, medal verilir. Müharibə başa çatandan sonra da o, dənizdə fəaliyyətini davam etdirir. Dəniz onu əvvəlcə Lənkərana, sonra isə Bakıya gətirir. Elə o vaxtdan Bakıda yaşayan Vyugin Mixail Daniloviç ömrünün ixtiyar çağında tək qalsa da, Bakıdan ayrılmaq istəmir. Deyir ki, övladı Rusiyada yaşayır. Bakıda isə bacısının övladları var. Hərdən gəlib ona baş çəkirlər.

Vyugin Mixail Daniloviç bildirir ki, Azərbaycan Böyük Vətən Müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi. Onun sözlərinə görə, ərazisində müharibə getməsə də, bu cənub ölkəsinin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr veriblər: "İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. Artıq o böyük qələbə günündən 75 il ötür. Amma Azərbaycan xalqı və prezidenti bizi unutmur. Hər il bizi 9 May günü yada salırlar. Bu günü görmək üçün 100 il də yaşamağa dəyər!"

Xəbər lenti
0