BAKI, 9 may — Sputnik. Babam Yusif Daşdəmirov 1915-ci ildə Şəkinin Baqqal kəndində anadan olmuşdu.
Bu sətirlərin müəllifi, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Yusif Daşdəmirovun nəvəsi Ülkər Abdullayevadır. O, babasının müharibə xatirələrini Sputnik Azərbaycan-la bölüşüb:
“1941-ci ildə, müharibə başlayandan dərhal sonra cəbhəyə yollanan Yusif Sevastopol, Simferopol, Dneprboyundan tutmuş ta Brandenburqa qədər böyük döyüş yolu keçmişdi. Müharibənin sonlarına qədər ağır döyüşlər görmüşdü. Müharibəyə gedişini özü belə təsvir edirdi: “Bizi vaqonlara doldurub apardılar. Haraya getdiyimizi bilmirdik. Bircə onu dedilər ki, almanlar hücum ediblər, müharibə başlayıb. Onda heç rus dilində “net”lə “yest”i belə bilmirdik. Bizi cərgəyə düzdülər. Qabağımızda dayanıb göstərdilər ki, güllə darağını belə doldururlar, belə atırlar. Mən də ona qədər ancaq dayan-doldurum (ov tüfəngi) görmüşdüm. Ondan da heç vaxt atmamışdım. Avtomatı əlimə verəndə heç bilmirdim ki, onunla necə rəftar edim. Sonra yavaş-yavaş öyrəndim”.
Kartof haqqında əfsanə
1942-ci ildə onları Leninqrad ətrafına aparırlar. O ətrafda şiddətli döyüşlər gedir. Sovet qoşunları almanların mühasirəsində olsa da, Leninqradı təslim etmir. 1944-cü ildə, Leninqradın mühasirəsi yarılandan sonra sovet qoşunları Almaniyanın içərilərinə doğru hərəkət edir. Orada babam almanlara əsir düşür. O özü əsirlik həyatını belə təsvir edirdi:
“1944-cü ilin axırlarında, müharibənin sonuna 6 ay qalmış Drezdenlə Leypsiq arasında gedən döyüşlərdə almanların mühasirəsinə düşdük, mən və 1 nəfər döyüş yoldaşımı almanlar əsir götürdülər. Bizi Berlin yaxınlığında, Branderburqdakı əsir düşərgələrindən birinə gətirdilər. Düşərgədə bizi dərhal soyundurub, paltarlarımızı gözümüzün qarşısında yandırdılar. Bizə əsir paltarları verdilər və hamama aparıb yuyundurdular. Həkimlər gəlib sağlamlığımızı yoxladılar. Nədənsə, bizə elə də pis baxmırdılar və işgəncə vermirdilər. Sonradan bildik ki, əsirləri azalıb deyə, “israfçılıq” edə bilmirlər, əsirlərə əvvəlkindən nisbətən yaxşı baxırlar. Əsasən tikintidə işləyirdik. Keyfiyyətli yeməklər verirdilər ki, biz əldən düşməyək. Belə deyirdilər ki, bizdə vəziyyət yaxşı olub, amma qalan düşərgələrdə pis. Hamı kartof haqqında əfsanə danışırdı. Almanlar 1 kartofu soyutma edib atırmışlar göyə, ac əsirlər onu tutmaq üçün mübarizə aparırmışlar, bir-birinin üstünə düşüb əzilib ölürmüşlər, kartof da ara yerdə əzilib yemək üçün yararsız vəziyyətə düşürmüş. Həqiqətin necə olduğunu bir Allah bilir”.
Stalin əsirlərin güllələnməsi barədə fərmanını bir gün əvvəl ləğv eləyib
Müharibə başa çatandan sonra Almaniya vətəndaşlığını qəbul edib orada qalmaq, ya da evə dönmək seçimi yaranıb.
“Amma çoxları kimi, mən evə dönməyi üstün tutdum. Çünki ailə, uşaq qoyub gəlmişdik. Amma sərhəddən keçəndən sonra bizi gəlməyimizə peşman etdilər. Stalin alman əsirliyində olmuş döyüşçülərin güllələnməsinə fərman vermişdi. Finlandiya sərhədini keçəndən dərhal sonra bizi hərbi tribunala apardılar. Sorğu-sualdan sonra güllələnmə cəzası kəsdilər. Bir gecə təcridxanada qaldıq. Səhər bizi meşəyə apardılar. Cərgəyə düzdülər. Tapança ilə bir-bir güllələdilər. Mənim boyum digərlərindən kiçik olduğundan sıranın axırında dayanmışdım. Mənə çatanda güllə darağı qurtardı. Güllələnmə əmrini icra edən zabitin rəhmi gəldi, dedi ki, bəxtin gətirdi, qaç, canını qurtar. Mən meşənin dərinliklərinə tərəf götürüldüm. 2-3 dəqiqə sonra silah səsi eşitdim. Əvvəl elə bildim, mənim dalımca atırlar. Sonra başa düşdüm ki, darağı dəyişib, havaya atırlar. Çünki güllələr xərclənməlidir.
Alman əsirliyində “kef çəkmiş” azərbaycanlı
Babam almanların əsirlərə verdikləri yeməkləri ömrünün sonuna qədər bir də yemədiyini deyirdi: “Fərqli yeməkləri vardı. Bizə xas deyildi. Mən arıq olsam da, qoçaq idim. Həm də çox yemək tələb etmirdim. Çünki həm kənddə olanda, həm də sovet ordusunda aclığa öyrəşmişdim deyə, almanların verdiyi yeməklər mənə kifayət edirdi. Bizi bəzən növbə ilə “kuxendə” (almanca mətbəx) yemək bişirən alman qadınlara kömək etməyə də göndərirdilər”.
Babam kəndə qayıdanda artıq qoyduqlarından əsər-əlamət qalmamışdı. Kəndin kişilərinin çoxu müharibəyə gedib, qayıtmamışdılar. Qocalar, qadın və uşaqlar kütləvi şəkildə vəba, vərəm kimi yoluxucu xəstəlikdən qırılmışdılar. Babamın arvadı da vərəmdən ölmüşdü. Onun qızı isə bacısı Dadlının himayəsində qalmışdı... Kəndlərində vəziyyət çox ağır olduğundan, babam digər bacısı Anaxanımın ərdə olduğu Qaxın Qaratala kəndinə üz tutur. Burada nənəmlə ailə qurur. Onda nənəmin həlak olmuş ərindən 4 azyaşlı oğlu varmış. Qızı Sonanı da bu uşaqlara qoşub. Sonra nənəm Fatma ilə birlikdə onların daha 6 uşağı – dörd qızı və iki oğlu olub. Onlar 11 uşaqlı böyük ailəyə çevriliblər. Yusif babanın sayəsində o ailənin uşaqları arasında doğmalıq-ögeylik hiss olunmayıb. Uşaqların hamısı böyüyüb və öz yuvalarını qurub.
Yusif kişi qocalana qədər kolxozun fermasında gözətçi işləyirdi. Amma hər Qələbə Günündə onu rəsmi tədbirlərə çağırırdılar. O da orden və medallarını sinəsinə taxıb tədbirlərə gedir, müharibə xatirələrini danışırdı.
Ömrünün sonuna qədər qəlbində almanlara kin bəsləmədi. Deyirdi ki, alman xalqı pis xalq deyil, təəssüf ki, Hitler kimi qansız lider onların başını xarab edib.
Kolxozlar dağılandan sonra Yusif kişi ömürlük pensiyaya çıxdı. 1999-cu il dekabrın 27-də həyata əlvida dedi. Ömrünün yarısından çoxunu müharibədən sonra yaşamışdı, amma müharibənin acısı öldüyü günə qədər canından çıxmadı. Onun dilindən müharibənin təsviri belə idi:
“Müharibəyə gedənlər silahların, evdə qalanlarsa xəstəliklərin, aclığın, məhrumiyyətlərin qurbanı olurdular. Mən kəndə qayıdanda kəndimiz bomboş idi. Əvvəlki qaynar kənd həyatından əsər-əlamət qalmamışdı. Qırılan qırılmışdı, qalan tək-tük adam da yaşamaq, acından ölməmək üçün çarə axtarırdı. Yavan çörəyə möhtac qalmağın nə olduğunu indiki cavanlar bilməzlər. Müharibə ona görə dəhşətli deyil ki, orada döyüşən adamlar ölürlər, kəndlər, şəhərlər dağılır, viran qalır. Müharibə ona görə dəhşətlidir ki, arxada qalan qadınlar, uşaqlar, qocalar, yəni müdafiəsi zəif olanlar hər gün doğmalarının ölüm xəbərlərini alır, qorxudan, aclıqdan, səfalətdən və xəstəliklərdən ölürlər. Böyük Vətən müharibəsi qurtarıb, amma o müharibə bizim fikrimizdə, yuxularımızda davam edir. Mən ölmədim, amma itirdiklərim ölümdən betər oldu...”