Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Paytaxtda sərnişindaşımada xüsusi karantin rejimi qaydalarının qorunması ilə bağlı polis tərəfindən tədbirlər gücləndirilib. Sputnik Azərbaycan xəbər verir ki, artıq bu gündən etibarən dayanacaqlarda növbə çəkən polis əməkdaşları avtobuslara daxil olur, maska taxmayan sərnişinləri avtobusdan düşürdərək tibbi maska taxmağı tələb edir.
Sərnişinlərin avtobusa maskasız daxil olmasına göz yuman avtobus sürücüləri isə polis əməkdaşları tərəfindən təlimatlandırılır. Tibbi maskasız sərnişinlərin avtobusa minməsinə icazə verilməməli olduğu barədə sürücülərə məlumat verilir. Tibbi maskadan istifadə etməyən sərnişinlərə isə qarşıdakı postlarda cərimə olunacaqlarına dair xəbərdarlıq edilir.
Bu gün 65 saylı avtobusa daxil olan polis nəfərləri tibbi maska taxmayan sərnişinlərə cərimə olunacaqları barədə məlumat verib, mənzil başına çatan kimi tibbi maska alaraq taxmalı olduqlarını bildirib. Avtobusun sürücüsü isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maska taxmayan sərnişinlərin avtobusa minməsinə qadağa qoymaq mümkün deyil: "Sərnişinlər salona daxil olan kimi biz onlara tibbi maska taxmalı olduqlarını artıq bu gündən xatırladırıq. Amma sərnişini avtobusdan tibbi maska taxmadığı üçün düşürdə bilmirik. Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil. Gərək tibbi maskasız gəzən insanlarla polis mübarizə aparsın. Sərnişinlər biz sürücülərin sözlərinə məhəl qoymurlar. Biz hər sərnişinin qarşısını tibbi maska taxmadığı üçün kəsib avtobusa minməsinə maneə yaratsaq, gərək onda avtobus sürməyək. Avtobuslar isə müəyyən intervalla hərəkət edir. Bu bizim hərəkətimizi ləngidəcək".
Apardığımız müşahidələr zamanı paytaxtda sosial izolyasiya tədbirlərinin bu gündən gücləndirilməsi diqqətimizdən yayınmadı. Ara məsafələrinin saxlanılmaması və maskalardan istifadə edilməməsinə qarşı polis tərəfindən mübarizə xüsusilə dayanacaqlarda gücləndirilib. İctimai nəqliyyatda, dayanacaqlarda, əhalinin daha çox istifadə etdiyi digər yerlərdə bu qaydalara əməl olunması ilə bağlı polis tərəfindən ciddi intizam tədbirləri həyata keçirilir. Bəzi avtobuslarda hətta polisin tibbi maska taxmayan sərnişinlərin avtobusa minməsinə icazə vermədiyinin də şahidi olduq. Bəzi yerlərdə isə polis ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxsləri düşürərək onlardan maska alaraq taxmalarını tələb edirdi.
Bankların qarşısında isə polislər demək olar ki, növbə çəkirdi. Banklara yaxınlaşan müştərilərə ara məsafəsi saxlamaq, tibbi maskadan istifadə etmək tövsiyə olunurdu. Hətta poçt məntəqələrinin qarşısında polis tərəfindən maddi yardım almaq üçün növbə gözləyən vətəndaşlara tibbi maska da paylanıldığının şahidi olduq.
Qeyd edək ki, son günlər koronavirusa yeni yoluxma sayında artım müşahidə olunur.