BAKI, 8 may — Sputnik. "Sıxlığın qarşısını almaq üçün pik saatlarda 30 cüt qatar, digər vaxtlarda isə 24 cüt qatar hərəkətdə olacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin jurnalistlər üçün təşkil olunan brifinqində deyilib.
"Bakı Metropoliteni" QSC sədri Zaur Hüseynov işləmədiyi günlərdə 29 milyon sərnişin itirdiklərini də vurğulayıb.
Zaur Hüseynov onu da qeyd edib ki, tikinti işlərində təxirəsalınmaz işlər davam edir: "Ümidvarıq ki, başqa problem olmazsa, ilin sonunadək nəzərdə tutulan stansiyanın tikintisi başa çatacaq. Bundan başqa, qeyd edim ki, tikinti külli miqdarda ayrı-ayrı avadanlıqların quraşdırılması deməkdir. Bu avadanlıqların hamısı ölkədə istehsal olunmur. Onların bir hissəsi xaricdən gətirilir və bu səbəbdən stansiyanın açılışı gecikdirilə bilər. Lakin qeyd edim ki, digər inşaat işlər artıq yekunlaşıb".