BAKI, 8 may — Sputnik. Çinin Şansi əyalətində polis 79 yaşlı qadını torpağın altından qazıb çıxarıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazıb.
Qadının yoxa çıxması barədə gəlini xəbər verib. O, polisə müraciət edərək deyib ki, əri üç gün əvvəl axşam öz anasını arabaya qoyaraq harayasa aparıb. Evə səhəri günü qayıdan kişi arvadına deyib ki, anasını qohumlarıgilə göndərib.
Dindirilmə zamanı kişi boynuna alıb ki, anasını qəbiristanlığa apararaq onu boş məzara atıb, üstünü torpaqlayıb, qayıdıb. Qadının ayaqlarını iflic vurduğundan o, məzardan özü çıxa bilməyib.
Polislər qəbiristanlığa gələndə torpağın altından qışqırıq eşidiblər. Onlar qazaraq qadını çıxarıblar. Üç gün torpaq altında qalan qadın xəstəxanaya aparılıb, vəziyyəti sabitdir. Oğlu isə saxlanılıb, onu sui-qəsdə görə cəza gözləyir.