BAKI, 8 may — Sputnik. Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı Rusiyanın "OK!" jurnalının tərtib etdiyi dünyanın ən yaxşı musiqi tədbirləri siyahısına daxil edilib.
Sputnik Azərbaycan xəbər verir ki, festival ilk dəfə 2016-cı ildə keçirilib və dərhal ən çox gözlənilən və müzakirə olunan yay tədbiri statusunu alıb. Bu il festivalın beş yaşı tamam olur.
Festival planlaşdırıldığı kimi Xəzər dənizinin sahilində "Sea Breeze" kurortunda iyulun 29-dan avqustun 2-dək davam etməlidir. Layihənin açılış günündə, iyulun 29-da qala konsert baş tutacaq. İyulun 30-31-də 1990-2000-ci illərin hitləri ifa olunacaq.
Ümumilikdə "Jara-2020" festivalına 300-ə yaxın populyar artistin adı daxil edilib: Qriqori Leps, Stas Mixaylov, Sergey Lazarev, Emin, Monatik, Iowa, "Artik & Asti", "A Studio", Maks Barskix, Vera Brejneva, Yolka, Burito, Valeriya, Polina Qaqarina, Zivert, Yulianna Karaulova, Lolita və bir çox başqaları.
"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının Əməkdar artisti Qriqori Leps, "Russkoye radio" radiostansiyasının və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Dünyanın ən yaxşı musiqi tədbirləri siyahısına həmçinin Amerikanın "Coachella", Belçikanın "Tomorrowland" , Rusiyanın "Spasskaya Başnya" (Moskva) və "Dikaya Myata" (Tula vilayəti), Danimarkanın "Roskilde" və İsveçrənin Montrö Caz Festivalı (Montreux Jazz Festival) da daxil edilib. Bu festivallardan bir neçəsinin tarixləri yazdan payıza keçirilib, digərləri isə 2021-ci ildə baş tutacaq.