BAKI, 7 may — Sputnik. Bu il universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, hərbi çağırış dövrü nəzərə alınaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur: "Yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Yay sessiyasının təşkili ilə bağlı qaydalar ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcək. Bir sıra imtahanların onlayn olması mümkündür. Bu olmasa, ənənəvi qaydada imtahanlar təşkil oluna bilər".
C.Bayramov qeyd edib ki, iyun-iyul ayında imtahanda iştiraka hazır olmayan tələbələr üçün tədris ili öncəsi, yəni avqustun sonu - sentyabrın ilk 15 günü ərzində imtahan sessiyası keçiriləcək. Onun sözlərinə görə, ali məktəblərdə 176 minə yaxın tələbə təhsil alır. Onlardan 75 faizə qədəri onlayn dərslərə qoşulub: "Son tədris ilinin tələbələrinin yekun attestasiyasının onların 4 illik qiymətləndirilməsinə əsasən həyata keçirilməsi məqbul hesab olunur. O tələblər barədə ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat mövcuddur. Buraxılış işi yazanlar isə onlayn şəkildə işlərini təqdim edəcəklər".