Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Türkiyənin iqtisadi aktivliyi bu ilin ikinci yarısında normal səviyyəyə qayıdacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak beynəlxalq investorlarla keçirdiyi video-konfrans zamanı bildirib.
"Ən pis ssenaridə iqtisadi aktivlik ilin ikinci yarısında bərpa olunacaq", - deyə Albayrak qeyd edib.
O, həmçinin vurğulayıb ki, Türkiyə yeni növ koronavirusu nəzarət altına ala bilib.
Nazirin sözlərinə görə, bu il ixrac həcmlərinin azalmasını və turizm sektorunda dövriyyənin azalmasını gözləyir.
Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3584 nəfərə çatıb. Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub.