BAKI, 6 may — Sputnik. Amerikalı alimlər yeni növ koronavirusun strukturunu araşdırıblar və SARS-CoV-2-nin insanlar arasında niyə belə sürətlə yayıldığının izahını tapıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, tədqiqatın nəticələri Journal of Molecular Biology jurnalında dərc edilib.
Yeni növ koronavirus olan SARS-CoV-2-nin niyə belə yoluxucu olduğunu başa düşmək üçün Kornell Universitetinin bioloqları onun strukturunu əvvəllər məlum olan insan koronavirusu ilə müqayisə ediblər.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, SARS-CoV-2 struktur etibarilə ilk dəfə 2003-cü ildə insanlarda qeydə alınmış SARS- CoV-1-ə çox oxşar olmasına baxmayaraq, onların genom ardıcıllığının 86 faizi üst-üstə düşür. Onun xoşxassəli insan koronavirusu HCoV-HKU1-ə bənzər xüsusiyyətləri var.
Bununla belə, SARS-CoV-1 son dərəcə yüksək öldürücülük (təxminən 10 faiz) xüsusiyyətinə malikdir. Lakin o, sələfindən fərqli olaraq sürətlə yayılmır. HCoV-HKU1 isə nisbətən zərərsizdir, həm də yüksək yoluxuculuq qabiliyyətinə malik deyil. Alimlər hesab edirlər ki, bu iki virusun xüsusiyyətlərinin birləşməsi SARS-CoV-2-ni belə təhlükəli edib.
Tədqiqatçılar həmçinin, yeni koronavirusun çıxıntılı zülal strukturunda hüceyrəyə virusun nüfuz etməsinə məsul olan struktur elementini — dörd amin turşusundan ibarət olan, digər məşhur insan koronaviruslarında rast gəlinməyən xüsusi bir döngə aşkar ediblər.
Virus zülal çıxıntılarının köməyilə sağlam hüceyrələrin reseptorlarına yapışaraq onun səthində özünə yer edir. Strukturunda döngənin olması virusun hüceyrənin səthində daha güclü qalmasına imkan verir ki, bu da onun hüceyrəyə zəmanətli şəkildə nüfuz etməsini təmin edir. Müəlliflər qeyd edirlər ki, yeni koronavirusun zülal çıxıntıları onu hüceyrə reseptorlarına SARS-CoV-1 virusunun S-proteinindən təxminən on dəfə sıx bağlayır.
"SARS-CoV-2-də hər iki qohumunun başlıca xüsusiyyətlərinin - ölümcüllüyün və yüksək yoluxuculuğun qəribə vəhdəti mövcuddur. Biz güman edirik ki, struktur döngəsi virusun ötürülməsi və ya onun sabitliyi, yaxud hər ikisi üçün çox vacibdir" - deyə tədqiqatın rəhbəri, virusologiya üzrə professor Qari Uittaker (Gary Whittaker) bildirib.
Bundan başqa, müəlliflərin fikrincə, yeni virusun xüsusi patogenliyini onunla da izah etmək olar ki, SARS-CoV-2-nin protein çıxıntıları insanın müxtəlif orqanlarında - ağciyər, qaraciyər və nazik bağırsaqlarda olan furin adlı ferment tərəfindən aktivləşdirilir. Bu fermentin insanın bütün toxumalarında olduğunu nəzərə alsaq, virus potensial olaraq bir neçə orqana dərhal hücum edə bilər. Sözügedən virusun insan orqanizmi üçün təhlükəsi onun bu xüsusiyyəti ilə bağlıdır.
Tədqiqatçılar qeyd edirlər ki, primatlardan başqa, SARS-CoV-2-yə qarşı hüceyrələrinin səthində insanlara yaxın reseptorların olduğu pişiklər, xəzlilər və su samuru da həssasdır. Ancaq bu gün pişiklər infeksiyanı daha asan keçirirlər və onların virusu insanlara yoluxdura biləcəyinə dair heç bir dəlil yoxdur.
Eyni zamanda, pişiklər öz koronavirus xəttinə malikdirlər. Tədqiqat müəllifləri yaxın vaxtlarda bunu öyrənməyi planlaşdırırlar. Elm adamları hesab edirlər ki, ola bilsin bu, SARS-CoV-2-in fəaliyyətinin xüsusiyyətlərini daha yaxşı başa düşməyə kömək edəcək.