BAKI, 5 may — Sputnik. Gürcüstanda koronavirus infeksiyasına yoluxan şəxslərin sayı 604-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə məlumat stopcov.ge hökumət portalında yerləşdirilib.
Məlumata əsasən, son 24 saat ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxslərdən 240-ı sağalıb, 9-u ölüb. Hazırda bu ölkədə 4887 nəfər karantində, 500 nəfər isə tibb işçilərinin nəzarəti altında saxlanılır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,5 milyonu keçib, 240 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.