Dünyada 1 litr benzinin orta qiyməti 0,92 ABŞ dollarıdır. Müxtəlif ölkələrdə yanacağın qiymətləri yerli vergilər, aksizlər, yol xərcləri və istehsalçılara subsidiyalar (əgər varsa) əsasında formalaşdırılır.
Avtomobil yanacağının (müxtəlif markalardan olan benzin və dizel) 1 litrinin orta qiyməti 0,47 dollar olan Azərbaycan, postsovet məkanının yanacağın ən əlçatan qiymətlərə malik ölkələri arasında ilk üçlükdə yer alır. Sabiq Sovetlər İttifaqında ən ucuz yanacaq Qazaxıstanda qeydə alınıb - bir litri 0,40 dollar. Digər postsovet ölkələri arasında ən bahalı benzin Estoniyadadır - litri 1,3 dollara.
Dünyada ən ucuz yanacaq İrandadır. Orada 1 litr benzin 0,10 dollardır. Honkonqda isə "dəmir at"ı işə salmaq üçün xeyli "tərləmək" lazım gəlir. Orada 1 litr benzin 2,13 dollara - Azərbaycan pulu ilə 3 manat 60 qəpiyə satılır.
Son zamanlar dünya bazarlarında neftin qiymətinin düşməsi ilə avtomobil yanacağına dair yeni, daha aşağı pərakəndə tariflərin təyin edilməsi, demək olar ki, bütün avtomobil sahiblərini narahat edir. Ancaq bir litr benzinin dəyəri müxtəlif şərtlərdən asılıdır. Məsələn, keçən ay Azərbaycanda bəzi yanacaq markaları 12-20% ucuzlaşıb. Ancaq söhbət xaricdən alınan və oktan ədədi yüksək olan benzindən gedir.
Benzinin dünya üzrə orta qiyməti 0,92 dollar təşkil edir. Lakin müxtəlif ölkələrdəki qiymət fərqi vergi və benzin subsidiyaları ilə şərtlənir, baxmayaraq ki, bütün dövlətlər nefti beynəlxalq bazarlardan eyni qiymətlərə alır.
Dünyanın müxtəlif ölkələrində bir litr benzinin qiyməti haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.