Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda həkimlər və tibb müəssisələri gücləndirilmiş rejimdə işləməyə məcburdurlar. COVİD-19-la mübarizənin önündə isə təcili və təxirəsalınmaz tibbi yardım həkimləri durur. Koronavirus şübhəsi ilə əlaqədar çağırışlara çıxmaq, simptomları müəyyənləşdirmək və xəstəliyin aşkarlanması üçün testlər etmək bu həkimlərin başlıca vəzifəsidir.
Sputnik Azərbaycan-ın fotomüxbiri təcili yardım briqadalarının çağırışlara necə hazırlaşdığını qeydə almaq üçün Azərbaycan paytaxtındakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarından birində olub.
İşçilərə hər çağırışdan əvvəl ayrıca xüsusi geyimlər verilir. Kombinezonlar, maskalar, əlcəklər, baxillər – bütün bunlar stansiyaya qayıtdıqdan sonra utilizasiya edilir. Belə briqadalar üçün xüsusi təcili yardım maşınları ayrılıb. Onların sürücüləri xüsusi geyimlərlə təchiz olunur, avtomobilin özü isə vaxtaşırı dezinfeksiya edilir.
Biz bütün həkimlərə bu çətin vəzifənin öhdəsindən gəldiklərinə görə təşəkkür edirik və vətəndaşlarımızı onların işini daha da çətinləşdirməmək üçün xüsusi karantin rejimi qaydalarına riayət etməyə çağırırıq.