Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 4 may — Sputnik. Martın 16-dan etibarən Azərbaycanda karantin rejiminin tətbiq olunması və mayın 31-dək uzadılması xüsusən də mövsümi alış-verişə mənfi təsir etdi. Karantin rejiminin davam etməsi yaz kolleksiyasının satışa çıxarılmaması ilə nəticələndi. Aprelin 27-dən etibarən kiçik geyim mağazalarının açılmasına icazə verilsə də, bu gün əksər belə mağazaların bağlı olmasınn şahidiyik. Bunun da səbəbi insanlarda müəyyən qorxuların olması ilə bağlıdır. Axının az ola biləcəyini ehtimal edən mağaza sahibləri hələlik fəaliyyətlərinə start verməyiblər. Bununla belə, ölkədə iri ticarət mərkəzlərinin açılmaması da yaz kolleksiyasının satışına mənfi təsir edib.
Bu barədə iqtisadçı-eskpert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib:
"Bu il yaz mövsümü kolleksiyası, demək olar ki, satılmadı. Ticarət mərkəzləri birbaşa yay kolleksiyasının satışını həyata keçirəcək. Lakin yaz mövsümü kolleksiyasının satılmaması şirkətlərə, mağazalara nə qədər ziyan vurur. Belə olan halda borclar da artır. "Mall"larda alış-veriş və ticarətlə məşğul olan şəxslər uzunmüddətli müqavilələrlə çalışırlar. Yəni bir hissə malı alıb-satdıqdan, onun vəsaitini ödədikdən sonra növbəti dəfə mal alırlar".
"Lakin iki aya yaxındır ki, onların satışı, dövriyyəsi yoxdur. Belə olan halda onlar mal götürdükləri şəxsə nə qədər ödəniş ediblər, nə qədər borcları yaranıb kimi suallara cavab tapmaq üçün əlimizdə rəqəmlər olsaydı, ən azından hökumətin hansı formada yardımlar edə biləcəyi ilə bağlı addımlar atılardı. Amma mövcud mənzərə alış-veriş mərkəzlərinə ciddi ziyanın dəydiyini göstərir", - deyə o əlavə edib.