BAKI, 4 may — Sputnik. "Bir həftə əvvəlki nəqliyyat axını ilə indiki nəqliyyat axınında 10-12 faiz artım müşahidə edilir. Hər avtobus postlarda 10 dəqiqə gözləyirsə, deməli, dayanacaqlarda sərnişinlərin gözləmə vaxtı da artır. Ona görə də xahiş edirik ki, zərurət olmadan vətəndaşlar evlərini tərk etməsinlər. Bu həm də virusun ikinci dalğası üçün zəmin yaradır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli qeyd edib ki, avtobus və sərnişindaşıma sahəsində martın 24-dən indiyədək 21 milyon 652 min sərnişin daşınıb: "Pandemiyadan əvvəl Bakıda 2000-2040 avtobus fəaliyyət göstərirdisə, hazırda 1750 avtobus xəttədir. Ekspress xətlər üzrə 7 avtobus xətti təmin edilib, 944 min sərnişin daşınıb. Ekspress avtobuslar üçün sürücü ehtiyacı yarandığından müraciət edən 200 sürücüdən 103 nəfəri artıq işlə təmin olunub. Yeni alınmış 300 avtobus da fəaliyyətə başlayıb, bunların arasında 18 metrlik avtobuslar da var. Avtobuslarda gündəlik dezinfeksiya işləri aparılır. Sürücülər qorunma vasitəsilə təchiz olunublar. Daşıyıcılara da məlumatlar göndərilir. Avtobuslarda şəffaf kabinalar yaradılır. Yaxın 3 günə avtobuslar tam təmin olunacaq".