Ölkə ərazisində koronavirus infeksiyasına qarşı təhlükəsizlik tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları tərəfindən gündəlik olaraq dezinfeksiya işləri həyata keçirilir.
Bu gün isə Lənkəranda şəhərin prospekt və küçələrinin, habelə bir neçə kəndin xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiyası işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Dövlət Yol Polisi və Post-patrul xidməti əməkdaşlarının müşayiəti ilə əvvəlcədən hazırlanan marşrutlar üzrə şəhərin və ətraf kəndlərin dezinfeksiyası həyata keçirilib. Lənkəran şəhəri İcra Hakimiyyəti başçısının birnci müavini Möhübbət Babayevin Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, şəhərin daha 35 küçəsində və koronavirusun yayıldığı ehtimal edilən 3 kənddə: Şağlaser, Şilavar və Digah kəndlərində də dezinfeksiya tədbirləri davam etdiriləcək.