BAKI, 3 may — Sputnik. Şimali və Cənubi Koreyanın sərhədindəki demilitarizasiya zonasında atışma olub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Cənubi Koreya Qərargah rəhbərlərinin birləşmiş komitəsi məlumat yayıb.
Yonhap News Agency-nin yazdığına görə, Koreya Xalq Demokratik Respublikasının əsgərləri birinci atəş açıblar. Cənubi Koreya isə xəbərdarlıq atəşi edib. Cənubi Koreya tərəfi həmçinin KXDR-lə əlaqə yaradaraq bundan sonra baş verə biləcək bu cür insidentlərin qarşısını almaq üçün olayın səbəbini aydınlaşdırmağa çalışıb.
Xəsarət alanlar barədə məlumat verilmir. Postlar yüksək hazırlıq səviyyəsinə gətirilib.
Demilitarizasiya zonası KXDR-lə Koreya Respublikasını bölür, onun ortası ilə demarkasiya xətti keçir. Zona 38-ci paralel üzrə bütün Koreya yarımadasının bir tərəfindən o birinədək uzanır. Onun qərb tərəfi bir qədər cənubda, şərq tərəfi şimalda yerləşir. Demilitarizasiya zonasının uzunluğu 241, eni isə orta hesabla 4 km-dir. Bu, dünyanın ən təhlükəli sərhəd zonası hesab edilir.
Xatırladaq ki, son bir həftədə Şimali Koreya lideri Kim Çen Inın səhhət problemi dünya gündəmini zəbt edə bilib. Həftənin əvvəlində onun vəfat etdiyi iddia olunsa da, həftəsonu bir neçə mənbə bu məlumatı təkzib edib.