BAKI, 3 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rəqqas Fərid Kazakov Ümumdunya Rəqs Gününə klip həsr edib.
Sputnik Azərbaycan bildirir ki, “Həyatımdakı rəqs” adlanan videoçarx Kazakovun təhsil aldığı Moskva Dövlət Mədəniyyət İnstitutunda çəkilib. Rəqqas etiraf edib ki, klip üzərində iş uzun sürsə də, nəticəsindən razıdır.
“Çox sevinirəm, nəticədən məmnunam, ümid edirəm ki, insanlar da klipi bəyənəcək, ona qiymət verəcəklər. Axı mən bütün yaradıcılığımı tamaşaçılarıma, sənətimə pərəstiş edənlərə həsr edirəm. Bu, bir növ belə çətin günlərdə mənim insanlara hədiyyəmdir”, - Kazakov deyib.
Fərid Kazakov Azərbaycan milli mükafatının, Rusiyanın ən yaxşı solo ifaçısı qismində Solo Star Russia, Azərbaycanın prestijli Trend of the Year, mədəniyyət və incəsənət sahəsində beynəlxalq Most Fashionable Awards mükafatlarının sahibi, Beynəlxalq Rəqs Olimpiadasının, beynəlxalq, respublika və Ümumrusiya müsabiqələrinin qalibi, Moskvada gimnastika və rəqs məktəbinin rəhbəridir.