BAKI, 3 may — Sputnik. ABŞ Prezidenti Donald Trampın administrasiyası “Səsdən sürətli əməliyyat” layihəsi çərçivəsində 14 potensial koronavirus vaksinini sınaqdan çıxarır. Sputnik Azərbaycan bildirir ki, bu barədə NBC News prezident administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Bu nümunələr 80 əczaçılıq şirkətinin təklif etdiyi 93 vaksin arasından seçilib.
Administrasiyanın məmurları deyiblər ki, növbəti iki həftə ərzində qalan vaksinlər də test olunaraq, arasından 6-8 ədəd final nümunə seçiləcək. Yekunda isə COVID-19-la mübarizədə effektiv ola biləcək üç və ya dörd peyvənd qalmalıdır. Onlardan gələn ilin əvvəlindən etibarən istifadə etmək nəzərdə tutulur.
Ancaq məmurlar onu da qeyd ediblər ki, bu 14 vaksindən hansısa birinin uğurlu olacağına dair zəmanət yoxdur.
Onların sözlərinə görə, daha bir problem var: vaksin tapılandan sonra təcili surətdə ondan 300 milyon amerikalı üçün hazırlamaq lazım gələcək.
“Səsdən sürətli əməliyyat” layihəsi koronavirus əleyhinə vaksin hazırlanması üçün gərək olan zamanı qısaldaraq 8 ay həddinə endirmək məqsədilə özəl əczaçı şirkətləri, hökumət müəssisələri və hərbçiləri birləşdirir.
Son məlumatlara görə, ABŞ ölkələr arasında yoluxma sayına görə birinci yerdə qərarlaşıb. Burada 1132539 nəfərdə koronavirus təsbit olunub, 66369 nəfər ölüb, 175382 nəfər sağalıb.