Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında həyata keçirdiyi tədbirlər davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 2-də səhər saatlarından başlayaraq paytaxtdakı 200-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək vermiş, nazirliyin xüsusi təyinatlı texnikası dezinfeksiya tədbirlərinə qatılmışlar. Həmçinin Bakı Nəqliyyat Agentlininin əməkdaşları da tədbirdə iştirak edərək küçələrdəki dayanacaqlarda dezinfeksiya işləri keçirmişlər.
Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüb.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.