Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 1 may — Sputnik. "Bütün hökumətlər tərəfindən insanların sosiallaşması əsas hədəfdir. Onlar həm vətəndaşlarını qorumaq, həm də iqtisadi fəaliyyətin olmasını istəyirlər. Bundan başqa, hər bir ölkədə tədbirlərin yumşaldılması ilə yanaşı, yenə də xəstəliyin artıb-azalması tempi izləniləcək. Çünki ola bilsin ki, bəzi tədbirlər yenə də davam etdirilsin, bəziləri isə azaldılsın. Təbii ki, bunun üçün bir addım atıb nəticəsinə baxılacaq. Azərbaycan da belə edəcək".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün jurnalistlər üçün təşkil olunan virtual mətbuat konfransında deyib.
O bildirib ki, artıq Azərbaycanda bəzi balaca mağazalar açılsa da, hələlik bağlı olan yerlər də var. Yoluxma sayının azalması, rəqəmlərin yenidən artmaması üçün H.Harmancı sosial məsafənin qorunması və gigiyena qaydalarına əməl edilməsinin vacibliyindən bəhs edib: "Əhali bilməlidir ki, xəstəliyə yoluxanların sayı artsa, hökumətin səhvi deyil. Bu baş verməsin deyə, insanlar fiziki məsafəni qorumalı, gigiyena qaydalarına əməl etməlidirlər".
"Hazırda ən yaxşı seçim onlayn görüşüb, virusun yayılmasının qarşısını almaqdır", - deyə ÜST rəsmisi əlavə edib.