BAKI, 1 may — Sputnik, Kəmalə Əliyeva. Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov Moskva klinikalarından birinə yerləşdirilib.
Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onun koronavirusa yoluxduğu ehtimal edilir.
R.İsmayılova artıq bir aydan çoxdur ki, Moskvada xeyriyyə işləri ilə məşğuldur: ərzaq məhsullarına ehtiyacı olan azərbaycanlı ailələrə kömək edir. Əmiraslanov isə bu müddət ərzində müğənnini daim dəstəkləyib.
Посмотреть эту публикацию в Instagram
Bu günlərdə onlar birlikdə sərhədin bağlı olması səbəbindən Vətənə dönə bilməyən azərbaycanlılara yardım etmək üçün Dağıstana gediblər. Oradan qayıdandan sonra Rəqsanə, əri və bütün komandası qripə yoluxublar. Müğənninin sözlərinə görə, Əmiraslanovun vəziyyəti çox ağır olub.
“Onun hərarəti çox yüksək idi, kəskin respirator infeksiya əlamətləri vardı. Koronavirus testi etdilər. Nəticəsi mənfi olsa da, xəstəxanadan evə buraxmadılar. Bir daha test verməlidir”, - R.İsmayılova deyib.
Rəqsanə İsmayılova hazırda əsasən Rusiya və Türkiyədə yaşayır, toylarda və digər tədbirlərdə iştirak edir. Eyni zamanda öz yolu ilə gedən böyük qızı Aysunu da dəstəkləyir.
Müğənninin iki qızı Azərbaycanda, qohumlarının yanında yaşayır. İndiki həyat yoldaşından isə əkiz övladları var. Rəqsanənin həyat yoldaşı haqqında yalnız Rusiyada sahibkarlıqla məşğul olması barədə məlumat var.