BAKI, 30 aprel — Sputnik. "Qlobal sağlamlıq böhranı ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrdə olan və geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə qaytarılması üçün təxirəsalınmaz tədbirləri görüb və tədbirlər hələ də davam etməkdədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. Onun sözlərinə görə, hazırkı xüsusi karantin rejimində xarici ölkələrdəki vətəndaşlarımız geri qaytarılırlar.
"Bildiyiniz kimi, Rusiya Federasiyasındakı vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün xüsusi portal yaradılıb, vətəndaşlarımızın onlayn qeydiyyatı həyata keçirilib. Ötən həftələrdə bir qrup vətəndaşımız, 548 nəfər ölkəyə qaytarılıb və Rusiyadakı digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Lakin nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir və bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir.
Tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciətlər edilib, ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri həmyerlilərimizə çağırış edib, onları anlayış göstərməyə səsləyib. Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara "Evə gedirəm" portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış məntəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar. Bir daha vurğulamaq istərdik ki, vətəndaşlarımızın ölkəyə gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Bu xüsusda, əlbəttə, həkimlərimizi də düşünməliyik, demək olar ki, fasiləsiz çalışan tibbi personalının əməyinə hörmət nümayiş etdirməliyik. Onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdə də müvəqqəti qalan və geri qayıtmaq istəyən vətəndaşlarımız var, onların da vətənə qaytarılması üzrə işlər görülür.
Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşımızın bunu anlaması vacibdir. Bir daha qeyd etmək istərdik ki, hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir", - XİN rəsmisi vurğulayıb.