Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 30 aprel — Sputnik. Son illər ölkəmizdə dövlət pambığ istehsalına göstərdiyi qayğı kənd təsərrüfatı işçilərinin bu sahəyə marağını xeyli artırıb. İndi fermerlər kənd təsərrüfatının bu sahəsinə daha çox üstünlük verməyə başlayıblar. Odur ki, ildən-ilə pambıq əkilən ərazilər genişlənməkdədir.
İndi pambıq istehsalçıları üçün ən məsuliyyətli bir dövrdür. Bu gün təməli qoyulan işlərin sonunda bol məhsul götürmək ən əsas məqsəddir. Belə ki, fermerlər pambıq səpininə başlayıblar. Sputnik Azərbaycanda səpin sahəsinə baş çəkərək pambıq istehsalçıları ilə həmsöhbət olub.
Bərdə rayonunda pambıq səpinində qeydə alınan ənənəvi üsuldan fərqli yeniliyin tətbiqi isə yerli istehsalçıların uğuru kimi qəbul oluna bilər. Bu günlərdə Bərdə rayonunda 300 hektar ərazinin yeni üsulla səpini aparılıb və müsbət nəticə əldə olunub. Yeni toxum pambıq liflərindən təmizlənib, tüksüzləşdirilib. Eyni zamanda çiyid suvarılıb, arat edilmiş sahəyə deyil, əkindən sonra mala çəkilmiş quru torpağa səpılib. Bu da öz növbəsində səpilmiş çiyidin əlavə üstünlüyünü ortaya qoyub və Azərbaycan istehsalı olan yerli toxumun quraqlıq şəraitdə belə bitiş əldə etməyin mümkünlüyünü göstərib.
Azərbaycan Pambıq İstehsalçıları Assosasiyasının sədri İbrahim Məmmədov Sputnik Azərbaycan-a yeni yaradılmış toxumun üstünlüyündən və sərfəliliyindən danışıb. ”10 hektar ərazidə tüksüz toxum əkilib. Aprelin 12-də səpilən toxum cari ayın 20- də bitiş verməyə başlayıb. Pambığın bitməsi 10-12 gün arasında baş tuturdusa, yeni səpilən toxum 8-9 gün ərzində torpağın üzünə çıxıb. Önəmli məsələ ondan ibarətdir ki, toxum Ucar rayonunda zavod şəraitinə uyğun olaraq tüksüz hala gətirilib. Hər hektar sahəyə 20-22 kq qədərində səpilir. Yerli toxumun istehsalı xaricdən asılığı azaltmış olacaq“, - deyə İbrahim Məmmədov bildirib.
Səpin apaırılan zaman tükdən təmizlənmiş toxuma ənənəvi çiyidlə müqayisədə yarıbayarı qənaət də etmək mümkündür.
"Əvvəlki toxum hər hektara 60-65 kiloqram səpilirdisə, indi bu rəqəmi 20-25 kq-la əvəz etmək mümkündür. İndiki qaydada aparılan səpin çəkilən xərclərin maya dəyərini də aşağı salır. Fermer az vəsait xərcləmiş olur” - deyən assosasiya sədri fermerlərin qənaət etdiyi məbləği də açıqlayıb.
Onun sözlərinə görə, xaricdən gələn toxumu fermer 5-5,2 manata alırdısa, yerli məhsul 2 manata təklif edilir: "Gələcəkdə bu qiymətin daha da ucuz olacağı, emalının artacağından 1,5 manata, hətta ondan da ucuz olacağı, 1 manata əldə olunması gözlənilir".
Məmmədov qeyd edib ki, tükü təmizlənmiş çiyidlə Bərdə rayonunda 300 hektar əraziyə pambıq toxumu səpilib. Əkilən 300 hektar ərazinin 110 hektarını P-AQRO şirkəti toxum istehsalı məqsədilə becərəcək.
Ölkəmizdə pambığın becərilməsi ilə bağlı ikinci yenilik çiyidin tirəyə əkin üsulu ilə səpilməsidir. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində çiyidin tirəyə əkin üsulu ilə səpininə başlanılıb. Mərkəzin direktoru Bəhruz Nəzərov bildirib ki, ağır, qaysaq bağlayan torpaqlarda bu üsulla səpin aparılması daha çox məhsul əldə etməyə imkan verir. Belə ki, tirəyə əkin üsulu zamanı torpaqda su-qida-hava rejimi, torpağın münbitliyi qorunub saxlanılır. Kök çürümə xəstəliyinin qarşısı alınır. Optimal müddətdə cücərmə alınır, vegetasiya müddəti adi səpindən 10-15 gün qısalaraq 130 günə başa gəlir. Məhsuldarlıq 30-35 faiz yüksəlir, bar orqanlarının tökülmə faizi azalır. Cərgə aralarının becərilməsi asanlaşır.
Adi səpinlə müqayisədə tirəyə səpin toxum üçün də əlverişlidir. Bu üsulla becərmə zamanı bitkinin Günəş şüasından istifadəsi yüksəlir, cücərmə tez alınır, normal böyümə və inkişaf olur, məhsuldarlıq hər hektara 8 sentner artır.
9 İqlimi, münbit torpaqları olan Azərbaycanda pambıqçılığın inkişafında yeniliklər gələcəkdə bol məhsul əldə etmək üçün geniş imkanlar yaradır. Tüksüz və tirə üzərində becərmə üsullarının tətbiqində isə ən əsas amil alimlərimizin uğuru olmaqla bol məhsul əldə etməkdə yeni üfüqlər açır.