BAKI, 30 aprel — Sputnik. Amerikalılar İranın cənubundakı körfəzin adının Fars körfəzi olduğunu bilməlidirlər. Onun adı Nyu-York və ya Vaşinqton körfəzi deyil. Sputnik Türkiyə xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında ABŞ Prezidenti Donald Trampın Fars körfəzində vəziyyəti gərginləşdirmək cəhdlərinə münasibət bildirərkən qeyd edib.
"Amerikalılar İranın cənubundakı körfəzin adının Fars körfəzi olduğunu bilməlidir. Onun adı Nyu-York və ya Vaşinqton körfəzi deyil. Onlar bu körfəzindən adından və bu körfəzin yanında minlərlə ildir yaşayan, bu su yolunu qoruyan xalqdan vəziyyətin necə olduğunu bilməlidir", - deyə Ruhani vurğulayıb.
O qeyd edib ki, amerikalılar İran xalqının bütün sahələrdə olduğu kimi, Fars körfəzinin qorunması məsələsində də uğurlu olduğunu və uğurlu olacağını görür: "İnqilab Keşikçiləri, Ordu, Bəsic səfərbərlik qurumu və polis təşkilatı hər zaman Fars körfəzini qoruyur və qorumağa da davam edəcək".
Ruhani vurğulayıb ki, Fars körfəzi İran üçün önəmli və tarixi dənizdir: "Təbii ki, Xəzər dənizi kimi şimalda olan dənizlər də bizim üçün önəmlidir. Ancaq Fars körfəzi və Ərəbistan dənizi açıq dənizlərə çıxdıqları üçün xüsusi önəm daşıyır. Fars körfəzi keçmişdən bu günə qədər dünya enerjisinin mərkəzlərindən biri, çox önəmli və kritik bir bölgədir. Bu körfəz İran xalqına aiddir və hər zaman da Fars körfəzi adını daşımaqdadır".
Qeyd edək ki, aprelin 22-si Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə (HDQ) dənizdə ABŞ gəmilərini təqib edən İran hərbi gəmilərini məhv etməyi əmr edib.
Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ – İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.