BAKI, 30 aprel — Sputnik. May ayının 4-dən etibarən şəhərlərarası nəqliyyat bərpa olunduğu halda, paytaxta gələn insanların daşınması mərhələli şəkildə aparılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, hələlik mayın 4-dən şəhərlərarası daşınmanın açılmasına dair Operativ Qərargahdan quruma heç bir tapşırıq gəlməyib:
"Lakin hərəkətin bərpa olunması təqdirdə, artıq 56 avtovağzal və avtostansiyalara DANX tərəfindən rəsmi məktub və tapşırıqlar ünvanlanıb. Onlar tapşırılan fəaliyyət planına uyğun fəaliyyət göstərəcəklər. Bu məktubda əsasən bildirilir ki, həmin avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində çalışacaqlar. Yollar açıldığı təqdirdə avtobusların sayı da artırılacaq. Ancaq bir məqamı vurğulayım ki, hər kəsin bir anda şəhərə gəlişi təmin olunmaycaq. Bunlar hamısı mərhələli şəkildə aparılacaq. İlk növbədə paytaxt və Sumqayıt sakinləri gələ biləcəklər. Daha sonra isə digər məqsədlə şəhərə qayıtmaq istəyənlərin gəlişi təmin olunacaq".