BAKI, 29 aprel — Sputnik. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən onlayn müsahibədən keçməyən namizədlərin əmək müqaviləsinə tədris ilinin sonunda xitam veriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, həmin şəxslər yay aylarında keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
E.Bağırov qeyd edib ki, onlayn müsabiqədə 1400-ə yaxın müəllim iştirak etmək hüququ qazanıb:
"Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün hər il müsabiqələr keçirilirdi. Müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə keçirilən bu müsabiqələr hər il mart-aprel aylarında təşkil edilirdi. Elektron qaydada müraciət etdikdən sonra ərizələri təsdiq edilən namizədlər müsahibə mərhələsinə dəvət olunurdu. Lakin bu il karantin rejiminə görə müsahibənin ənənəvi formada keçirilməsi mümkün olmayıb.
"Bu il martın əvvəlində bununla bağlı elan verildi və hazırda ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan 3 minə yaxın müəllim müraciət etdi. Onların 1400-ə yaxının elektron ərizəsi təsdiq edilib və müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb".
Nazirlik rəsmisi qeyd edib ki, müsahibə mərhələsi müsabiqənin ən son mərhələsidir. Bu mərhələdən uğurla keçən namizədlər artıq daimi əsaslarla işə qəbul olunacaqlar.
Onun sözlərinə görə, yaxın günlərdə elektron ərizəsi təsdiq edilən hər bir namizədin şəxsi səhifəsinə müsabiqənin keçirilməsi, müsahibə təlimatları barədə məlumatlar yerləşdiriləcək. İştirakını təsdiq etmiş müəllimlərin e-mailinə müsabiqədə iştirak üçün link göndəriciləcək və o, həmin linkə daxil olmaqla onlayn müsahibəyə qoşulacaq.
E.Bağırov müsahibədən uğurla keçəcək hər bir namizədin hazırda işlədiyi müəllim yeri üzrə daimi əsaslarla işləyəcəyini söyləyib:
"Onlayn müsahibələrdə iştirak etmək könüllü əsaslarla həyata keçiriləcək. Namizədlərin hər hansı səbəbdən müsabiqədə iştirak etməsi mümkün olmayacaqsa, karantin rejimindən asılı olaraq, növbəti mərhələlərdə bu şəxslərin ənənəvi şəkildə müsabiqədə iştirak etməsini də təmin edəcəyik".