BAKI, 27 aprel — Sputnik. Pentaqon rəsmi olaraq uçan naməlum obyektlərin (UNO) olduğu üç qısa videonu yayımlayıb. Sputnik Azərbaycan CNN-ə istinadla xəbər verir ki, videolar təyyarədəki infraqırmızı kameralar vasitəsilə çəkilib.
Videolardan ikisində pilotların səsi eşidilir. Onlar təəccüblə UNO-nun sürətini şərh edirlər. Şahidlərdən biri bunun dron ola biləcəyini ehtimal edir.
ABŞ Hərbi-dəniz Qüvvələri videonun həqiqiliyini təsdiq edərək, videoların yayımlanmasını baş verənlərlə videoların həqiqiliyi ilə bağlı yayılan söz-söhbəti yığışdırmaq niyyəti ilə izah edib. Ekspertlər bildiriblər ki, videoların açıqlanması ABŞ texnologiyalarının imkanları ilə bağlı heç bir gizli məlumatı üzə çıxarmır.
Bu videolardan biri 2004 və ikisi 2015-ci illərdə çəkilib. Onlar 2007 və 2017-ci illərdə Pentaqonun razılığı olmadan internetdə yayımlanıb.
Məlumdur ki, Pentaqonun əlində hərbçilərin UNO ilə görüşü barədə çoxsaylı sübut və şahid ifadələri var. Amma onlar gizli saxlanılır.