BAKI, 27 aprel — Sputnik. 2020-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 4040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2000 hadisə və ya 98% çoxdur.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məumatına istinadla xəbər verir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.
2020-ci ilin I rübü ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb. Qeyd olunan müddət ərzində respublika ərazisində 4003 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2007 hadisə və ya 100% çoxdur.
Texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58% azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28% azdır.