BAKI, 27 aprel — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən karantin rejimində fəaliyyət göstərən bir sıra otellərin əməkdaşları qoruyucu vasitələr, zəruri tibbi antiseptik vasitələr, gigiyena və sanitariya ləvazimatları ilə təmin edilib. Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Bakıda və regionlarda yerləşən bir sıra otellər xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində fəaliyyətini davam etdirir. Otelçilik sənayesi hər zaman turizmin inkişafında əsaslı rol oynayan bir sahə kimi hazırda yaranmış böhranlı vəziyyətlə əlaqədar öz dəstəyini əsirgəmir.
Dövlət Turizm Agentliyi otelçilik sənayesinin nümayəndələrinə cəmiyyətimizin üzləşdiyi böhranlı vəziyyətdə sərgilədikləri nümunəvi vətəndaş mövqeyinə, insanlarımızın sağlamlığının qorunmasında göstərdikləri böyük dəstəyə görə təşəkkür edir, ictimai birliyin və sosial məsuliyyətin əhəmiyyətini anlayan sahibkarlara minnətdarlığını bildirir. Karantin rejimində istifadə olunan və istifadəyə hazırlanan otellər tərəfindən sosial məsuliyyətə əməl olunması dövlətin bu sahədə siyasətinə birbaşa dəstəyin göstəricisi kimi qiymətləndirilir.