BAKI, 27 aprel — Sputnik. Bir çoxları koronavirus pandemiyasından sonra əmək bazarının necə dəyişəcəyini düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, "Yeni Peşələrin Atlası" layihəsinin rəhbəri Dmitri Sudakov COVID-19-dan sonra dünyada hansı peşələr olacağına dair RİA Novosti ilə müsahibəsində danışıb.
"İş daha çevik, paylanmış, şəbəkəli olacaq. Hal-hazırda biz görürük ki, insanların və biznesin əksəriyyəti belə bir məntiqə hazır deyil. Deməli, yeni məntiq və yeni şəraitdə mövcud biznes proseslərini "yenidən qura" biləcək mütəxəssislərə ehtiyac yaranacaq. Yeni vəziyyət üçün yeni alətlər hazırlayacaq insanlar lazım olacaq. Nəhayət, bu günün işçilərini yeni prinsiplər üzrə işə öyrədəcək insanlara ehtiyac olacaq", – Sudakov bildirir.
Bir çox işçilərin artıq üzləşdiyi onlayn rejimə keçid trendi ilə yanaşı, ekspert "humanist" ixtisaslar üzrə ehtiyacın artacağını qeyd edir.
"Hazırda biz çoxlarının yaranmış vəziyyəti ağır keçirdiyini görürük, buna görə də "insanla məşğul olan" insanlara tələbat artacaq. Buraya həm psixoterapevtlər, həm də harmonik vəziyyətin bərpası ilə məşğul olan digər mütəxəssislər aiddir", – layihə rəhbəri vurğulayır.
"Yeni Peşələrin Atlası"nın üçüncü versiyasında gələcək və çoxsahəli istiqamətlər üzrə yeni peşə adlarına rast gəlinir. Məsələn, emosiya dizayneri, kosmobioloq, taym-menecer, GMO aqronom, şəbəkə veterinarı, kiberidmançıların məşqçisi, fastfud robotu yaradıcısı, ekosistemlərin bərpası üzrə memar, "təmirçi 2.0", media polis, faktçeker, infostilist və s. var.
"Neyroqastronom peşəsi məni ən çox təəccübləndirdi: neyroqastronom istehlakçı üçün yeni bir qastronomik təcrübə yaradan mütəxəssisdir. O, beynin dadları, qida tədarükünü və s. necə qəbul etməsinə əsaslanır. Həmçinin robotların və insanların qarşılıqlı təsirinin etik normalarını yaradan roboetika üzrə məsləhətçini qeyd edim. Bu, yeri gəlmişkən, bu gün pilotsuz yerüstü nəqliyyatın inkişafı sahəsində vacib problemlərdən biridir", - Sudakov bildirib.
"Yeni Peşələrin Atlası" Rusiyada hazırlanmış "Skills Technology Foresight" metodikası əsasında yaradılıb. Bu metodika sahənin, regionun və ya ölkənin inkişafı üçün proqnoz yaratmağa və bu proqnoz əsasında arzu olunan gələcəyin əldə edilməsi üzrə tədbirlər barədə razılığa gəlməyə imkan verir. "Yeni Peşələrin Atlası" ekspertlərin gələcəyə dair fantaziyası deyil, insan əməyinin necə dəyişəcəyinin analizidir. Xüsusilə də pandemiya ilə bağlı vəziyyətdə bir çox proseslərin onlayn rejimə keçməsi bu layihəni xüsusilə aktual edir.