BAKI, 27 aprel — Sputnik. Şimali Koreya lideri Kim Çen In sağ və salamatdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə CNN telekanalına Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə müşaviri Mun Çjon İn bildirib.
Cənubi Koreyanın "Daily NK" nəşrinin Kim Çen Inın əməliyyatdan sonra müalicə olunduğuna dair xəbərindən sonra media və sosial şəbəkələrdə onun sağlamlığı üçün təhlükə olduğuna dair xəbərlər yayılmağa başlayıb. "Daily NK", eləcə də CNN və Yaponiyanın "Shūkan Gendai" kimi bir sıra digər media qurumları xəbərlərində anonim mənbələrə istinad edir. Həmçinin mediada sosial şəbəkələrdə dərc olunan paylaşımlara istinadən Şimali Koreya liderinin ölümünə dair şayiələr yayılmağa başlayıb.
"Hökumətizinin mövqeyi möhkəmdir. Kim Çen In sağ və salamatdır. O, aprelin 13-dən Vonsan yaxınlığındadır. Hələlik heç bir şübhəli yerdəyişmə qeydə alınmayıb", - Cənubi Koreya liderinin məsləhətçisi bildirib.
Bundan əvvəl Şimali Koreyanın "Nodon Sinmun" qəzeti Kim Çen Inın Vonsan-Kalma turizm kompleksini tikən inşaatçılara minnətdarlığını göndərdiyi xəbərini verib. Lakin Kim Çen Inın iştirakı ilə keçirilmiş açıq tədbirlərin adı çəkilməyib.
Vonsan-Kalma kompleksi Vonsan şəhərinin yaxınlığında yerləşir. Bəzi xarici media Kim Çen Inın hazırda bu şəhərin yaxınlığında yerləşən iqamətgahında olduğunu iddia edir.