Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 aprel — Sputnik. "Aprelin 27-də sərnişindaşımaların nəzərdə tutulan qaydada icrası ilə bağlı daşıyıcılara xəbərdarlıq məktubları ünvanlanıb. Eyni zamanda, şifahi olaraq bir daha onların üzərinə düşən məsuliyyət onların diqqətinə çatdırılıb". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib.
O, bildirib ki, ötən həftədən etibarən karantin qaydalarının yumşaldılması ilə bağlı sərnişin sayının artacağı barədə daşıyıcılara xəbərdarlıq məktubu göndərilib. M. Ağayev bildirib ki, bu gündən bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib: "Əvvəlki günlərlə müqayisədə bu gün səhər sərnişin axını daha yüksək olub. Lakin qeyd etmək istərdim ki, əvvəlcədən hazırlanan fəaliyyət planı üzrə atılan addımlar sayəsində bu gün səhər saatlarında sərnişindaşıma prosesi nəzərdə tutulan qaydada icra olunub. Bildirim ki, xüsusi karantin rejimində və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərara uyğun vəziyyətlərdə sərnişindaşımaların təşkilinə dair konkret fəaliyyət planları mövcuddur. Mütəxəssislərimiz tərəfindən hazırlanan bu planlar konkret hesablamalara əsaslanır. Qısa vaxtda ekspress xətlərin təşkili və bu xətlərlə bağlı tənzimləmələr, ehtimallar da məhz bu dəqiq hesablamalar sayəsində mümkün olub. Eyni zamanda, sərnişin axınında artım hələ ötən həftədən artıq özünü göstərib. Ümumilikdə deyim ki, aprelin 13-dən hər gün artım qeydə alınıb. Keçən həftə boyunca gündəlik sərnişin axını 550-600 min arasında dəyişib. Lakin bütün bu hallar əvvəlcədən nəzərə alınıb və gündəlik olaraq artan sərnişin axını düzgün formada idarə olunub. Bir məsələni də qeyd edim ki, artıq iki ay olar ki, sərnişindaşımalar demək olar xüsusi rejimdə fəaliyyət göstərir. Gündəlik olaraq bütün əməkdaşlarımız, bütün səy və qüvvələrimiz ona səfərbər olunub ki, üzərimizə düşən işi layiqincə yerinə yetirilməsinə nail olaq. Bunu etməkdə də ən əsas məqsəd, həyat əhəmiyyətli sahələrdə çalışanların daşınmasını təmin etməkdir".