Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Böyük endirim kampaniyası! Bu dəfə endirim edən dövlətdir

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarların sosial sığorta yükü bu ilin 1 aprelindən gələn ilin 1 yanvaradək azaldılır. Kənarda qalan da olmayacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Dövlət başçısının apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi nəzərdə tutulur.

Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva - Sputnik Azərbaycan
Nazirlik rəsmisi vergi güzəştləri tətbiq olunacaq sahələri açıqladı

Digər təklifə əsasən, məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi nəzərdə tutulur.

Dəyişiklikləri şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-a deyib ki, sahibkarların sosial sığorta yükü bu ilin 1 aprelindən gələn ilin 1 yanvaradək azaldılır: "Mövcud qanunvericiliyə görə, məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarındadır. İndi isə məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olacaq. Məsələn, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta haqqı ödəyəcəklər. Digər bir misal olaraq Bakıda digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta haqqı ödəyəcəklər".

O bildirib ki, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükü azaldılır: "Sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması təklif edilib. Məsələn, Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra isə bərbər 15 manat sosial sığorta haqqı ödəyəcək. Hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 30 manat sosial sığorta haqqı ödəyəcəklər".

İqtisadçı-ekspert Qalib Toğrul isə Sputnik Azərbaycan-a açıqlamasında, regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi məsələsindən danışıb: "Dəyişikliyə görə aprelin 1-dən sahibkarlıq fəaliyyəti üzrə (Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə) minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi təklif olunur".

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi Milli Məclisə təqdim edilib

Ekspert bildirib ki, aprelin 1-dən ticarət və ya tikinti ilə məşğul olan şəxs Bakıda 62.50 manat, Sumqayıt və Gəncədə 56.25 manat, digər şəhərlərdə (Məsələn, Mingəçevirdə) 50,0 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuzda) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat ödəyəcəklər.

"Digər sahibkarliq fəaliyyəti ilə məşğul olanlar isə Bakıda 37,50 manat, Sumqayıt və Gəncədə 33,75 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 30,0 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuzda) 22,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 18,75 manat ödəyəcəklər" – deyə Q.Toğrul qeyd edib.

İqtisadçı-ekspert Anar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, əvvəlki qanunvericilikdə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanların sosial sığorta haqları regionlar üzrə diferensial qaydada tətbiq olunurdu: "Lakin 2020-ci ilin yanvar ayında bu diferensial qaydanı aradan qaldırdılar. İndi yenidən regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi nəzərdə tutulur. Ola bilər elə köhnə qaydanı yenidən tətbiq etsinlər. Praktikada regionlarda, daha az inkişaf etmiş yerlərdə diferensial qaydada ödəniş tətbiq edilir. Yəni regionların sosial-iqtisadi inkişafı üçün belə diferensial qayda tətbiq edilir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi Milli Məclisə təqdim olunub.

Xəbər lenti
0